Kürdə kiçik gəmilərin qəzalarının qarşısının alınmasına dair müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində və Mingəçevir Su Anbarında kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısının alınmasına dair müşavirə keçirib.

Sabahinfo.az xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısının alınması, insanların su obyektlərində təhlükəsizliyinin təşkili ilə bağlı Xidmətin fəaliyyətinin əhəmiyyətindən danışıb, Kür çayı sahilində kiçikhəcmli gəmilərin təhlükəsiz yan alması, habelə sakinlərin su obyektlərində təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlərdən bəhs edib.

Sonra Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən kiçikhəcmli gəmilərin təhlükəsizliyinin təmin olunmasında əsas istiqamətlərdən bəhs olunub, bu sahədə istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə iştirakçılara ətraflı məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi qeyd edilib, kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı ilə bağlı qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.