“Laçın dövlətimizin sülh və quruculuq siyasətinin şah əsərlərindən biridir”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, dövlətimizin qısa zamanda işğaldan azad edilən ərazilərdə, xüsusilə də Laçın və Şuşada gördüyü işlər, onun sülh və quruculuğa nə qədər böyük önəm verdiyini göstərir:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Laçına səfəri və səfər zamanı səsləndirdiyi fikirlər dövlətimizin sadəcə Laçın rayonunda deyil, işğaldan azad edilən bütün ərazilərdə həyata keçirilən nəhəng quruculuq işlərindən, bərpa və abadlıq prosesindən xəbər verir. Bu baxımdan, Laçında həyata keçirilən nəhəng quruculuq prosesi öz miqyas və vüsətinə görə xüsusilə diqqət çəkir.
Dövlət başçısı səfər zamanı Laçında həyata keçirilən quruculuq işlərindən bəhs etdi, rayonda insanların yaşaması üçün gərəkli olan bütün zəruri infrastrukturun yaradılması istiqamətində böyük işlər görüldüyünü söylədi. Habelə, rayon ərazisində həyata keçiriləcək daha böyük işlərin anonsunu verdi. Prezidentimiz bəyan etdi, yaxın gələcəkdə Laçının elektrik enerjisinə olan tələbatı da tam və yüksək səviyyədə təmin ediləcək, insanların burada məskunlaşması üçün bütün gərəkli addımlar atılacaq.
Prezident Laçın səfəri zamanı Ermənistan-Azərbaycan münasibətlərindən də ətraflı bəhs etdi. İnkişaf və tərəqqi üçün sülhdən daha yaxşı alternativin olmadığını bildirən dövlət başçısı, ölkəmizin mümkün təhdid və təxribatlara da qətiyyətlə cavab verəcəyini, heç bir təzyiq qarşısında geri çəkilməyəcəyini bildirdi.
Onu da xatırladım ki, məhz Prezident İlham Əliyevin hərbi-siyasi səriştəsi sayəsində Laçın rayonu bir güllə belə atılmadan düşməndən azad edilmiş, digər torpaqlarımızda olduğu kimi bu qədim yurdumuzda da Azərbaycanın üçrəngli bayrağı ucaldılmışdır. Bu gün dövlətimizin Laçında apardığı nəhəng quruculuq prosesi onu söyləməyə əsas verir ki, yaxın gələcəkdə Laçın respublikamızın ən dilbər guşələrindən birinə çevriləcək, iqtisadiyyatımızın inkişafına öz töhfəsini verəcəkdir”.