Laçın ölkəmizin ən strateji rayonlarından biridir

Bir neçə gün əvvəl Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna yeni təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsini qəbul edib və bu zaman həm Laçında, həm işğaldan azad edilmiş digər torpaqlarımızda bərpa-quruculuq işlərinin son vəziyyəti, məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması sahəsində həyata keçiriləcək planlar, eləcə də ölkəmizdə tətbiq ediləcək yeni idarəetmə modeli barədə geniş məlumat verib.

Bildiyimiz kimi, Laçın ölkəmizin erməni işğalına məruz qalan ilk rayonlarından biridir. AXC-Müsavat cütlüyünün hakimiyyət mübarizəsinə qoşulduğu, ölkədə siyasi hərc-mərcliyin, özbaşınalığın hökm sürdüyü bir vaxtda - 1992-ci ilin 18 mayında Laçın ermənilər tərəfindən işğal olunmuşdur. Ermənistanı Qarabağla birləşdirən yollar məhz Laçından keçdiyi üçün Laçının işğal edilməsi ilə Ermənistan və Qarabağ arasında əlaqə yaranmışdı. Bu da ermənilər üçün yeni canlı qüvvələri və hərbi texnikanı rahat şəkildə Azərbaycan ərazisinə daxil etməklə sonrakı işğalçılıq siyasətlərinin həyata keçirilməsinə imkan qazandırmışdır. Yəni, ölkəmiz üçün yeni faciələrə, işğallara səbəb olan əsas hadisələrdən biri Laçının işğalı olmuşdur.

Laçın həm də işğaldan sonra erməniləşdirmə siyasətinin ən ağır qurbanı olmuş rayonlarımızdan biridir. Rayonda əhali etnik təmizləməyə məruz qalmış, yerli tarixi abidələr düşmən vandalizmi nəticəsində məhv edilmiş, Laçının coğrafi adları dəyişdirilmiş, rayonun təbii resursları, xüsusilə də meşə fondu talan edilmişdir. Əhalinin demoqrafik tərkibinin suni surətdə dəyişdirilməsi məqdəsi ilə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma siyasəti nəticəsində xaricdə yaşayan ermənilər həm şəhərin özünə, həm də bir çox rayonlara gətirilmiş və beynəlxalq konvensiyalara zidd olaraq orada yerləşdirilmişdir. Qanunsuz məskunlaşdırmanın bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilməsinə baxmayaraq, təəccüblü deyil ki, erməni lobbisinin təsiri altında qalmış dünya ictimaiyyəti Azərbaycana qarşı törətdilmiş digər beynəlxalq cinayətlər kimi bu cinayətə də susmuşdur.

Ermənistanın işğalına və onun havadarlarının bu işğala susmasına Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqı və ordusu Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərlə son qoydu. Müharibənin gedişində Laçının Güləbürd, Səfiyan, Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Keçən ilin avqustun 26-da Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Ordumuz tərəfindən nəzarətə götürülməsi ilə Laçının hərbi-siyasi yolla işğaldan azad olunması başa çatdı.

Ermənistandan Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçdiyi üçün ermənilər bütün dünyaya qəbul etdirməyə çalışırdı ki, Laçın rayonu Ermənistanda qalmalıdır, ya da ən azından bütünlükdə rayon özü dəhliz kimi onların istifadəsinə verilməlidir. Lakin, Laçın şəhərinə daxil olmadan Laçın dəhlizinə alternativ yolun çəkilməsinə nail olan Azərbaycan Prezidentinin qətiyyəti, diplomatik məharəti göstərdi ki, onların bu arzusu da baş tutmayacaq və Azərbaycan ərazisinin bir qarışını belə düşmənə güzəştə getməyəcək.

Müharibə başa çatan kimi Laçının yenidən qurulması ilə bağlı start verilmiş quruculuq-bərpa işləri bütün sürəti ilə davam edir. Rayonda yeni avtomobil yolları, tunellər, keçidlər inşa olunur, ümumiyətlə rayonun bütün infrastrukturu yenidən qurulur. Kəlbəcər-Laçın, Qubadlı-Laçın yollarının tikintisi surətlə davam edir, Murov dağının altından keçən tunellər vasitəsi ilə Göygöl rayonu ilə Şərqi Zəngəzur arasında yeni yol açılır. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. O bölgədə heç vaxt hava limanının olmadığını nəzərə alsaq, şübhəsiz ki, hava limanının inşası bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq cənab Prezidentin işğaldan azad olunmuş rayonlarımızın bərpasında xüsusi diqqət ayrıdığı sahələrdən biri də enerji təhlükəsizliyidir. Laçın rayonunda artıq generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb.

Bu il və gələn il Laçına təqribən 10 minə yaxın soydaşımızın yerləşdirilməsi planlaşdırılır. Odur ki, Laçında görüləsi işlərimiz hələ çoxdur, xüsusilə də rayonun Ermənistanla sərhəddə yerləşməsini nəzərə alsaq, təhlükəsizliyin təmin edilməsi, bundan başqa ən mühüm vəzifələrdən biri olan ətraf mühitin qorunması, köçürüləcək sakinlərin rahatlığının təmin edilməsi, iş yerlərinin açılması, rayonun enerji potensialından, kənd təsərrüfatı, turizm potensualından daha səmərəli istifadə olunması, rayonun iqtisadiyyatının, sənayesinin inkişaf etdirilməsi, infrastruktur layilərinin icra edilməsi labüddür. Bu baxımdan bütövlükdə start verilmiş genişmiqyaslı quruculuq işlərinin ən yüksək səviyyədə davam etdirilməsi üçün Laçın rayonuna Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi olduqca əhəmiyyətlidir.

Cənab Prezident həm də vurğuladı ki, bu yeni idarəetmə modeli gələcəkdə ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Bilirsiniz ki, artıq Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə modeli tətbiq olunur və işğaldan azad edilmiş rayonlarımıza Prezidentin xüsusi nümayəndələri təyin olunur. Bölgələrdə aparılan quruculuq işlərinə səmərəli rəhbərliyin forması kimi və bütünlükdə bölgələrdə idarəetmənin çevikliyinin təmin olunması baxımından yeni idarəetmə modeli özünü doğrultmuşdur. Yeni idarəetmə modeli digər rayonlarımız üçün də müsbət model rolunu oynayır. Daha çevik və müasir çağırışlara cavab verən bu üsulun tətbiqi təkcə azad edilmiş ərazilərdə yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin

sədri Ziyafət Əsgərov