Laçına qayıdışımız əbədi olacaq

Məcburi köçkünlərimizin təhlükəsiz şəraitdə və layiqli həyat səviyyəsinin qorunaraq doğma yurdlarına qayıdışının təmin edilməsi İkinci Qarabağ Mügharibəsini şanlı Zəfərlə başa vurmuş dövlətimizin və möhtərəm Prezidentimizin hazırki siyasi xəttinin ən mühüm prioritetini təşkil edir. Əminliklə deyə bilərik ki, işğaldan azad edilmiş ərazilərin bərpa və quruculuq işləri getdikcə sürətlənir, Böyük Qayıdış proqramı yüksək sürət və keyfiyyətlə icra olunur. Bu proqramın bir hissəsi olaraq Cənab Prezident İlham Əliyev mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşüb və onlara evlərin açarlarını təqdim edib.

Bildiyimiz kimi, Laçın ölkəmizin erməni işğalına məruz qalan ilk rayonlarından biridir. Laçın həm də işğaldan sonra erməniləşdirmə siyasətinin ən ağır qurbanı olmuş rayonlarımızdan biridir. Rayonda əhali etnik təmizləməyə məruz qalmış, yerli tarixi abidələr düşmən vandalizmi nəticəsində məhv edilmiş, Laçının coğrafi adları dəyişdirilmiş, rayonun təbii resursları talan edilmişdir. Əhalinin demoqrafik tərkibinin suni surətdə dəyişdirilməsi məqdəsi ilə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma siyasəti nəticəsində xaricdə yaşayan ermənilər həm şəhərin özünə, həm də bir çox kəndlərə gətirilmiş və orada yerləşdirilmişdir. Şəhəri tərk etməyə məcbur olmuş Laçının əsil sakinləri isə uzun illər məcburi köçkün kimi respublikamızın digər şəhər və rayonlarında məskunlaşmışdır. Doğrudur, məcburi köçkünlərimiz hər zaman dövlət qayğısı ilə əhatə olunub. Məcburi köçkünlərə ən yüksək dövlət qayğısı və diqqətinin göstərilməsi istiqamətində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə də böyük həssaslıqla davam etdirilib. Lakin bütün bu diqqətə və qayğıya baxmayaraq məcburi köçkünlər uzun illər yurd həsrəti ilə yaşayıblar. Böyük Qayıdışın icrasının təmin edilməsi ilə artıq bu həsrətə son qoyulur. Cənab Prezidentin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdış artıq başlanıb. Birinci mərhələdə şəhərə 20 ailə, 97 nəfər köçürülüb. İyun ayının sonuna qədər başqa ailələrin də yerləşdirilməsi, ümumilikdə isə birinci mərhələdə Laçında 4 minə yaxın insanın məskunlaşması planlaşdırılıb. Zabux kəndinin də tamamilə yenidən inşa edilib zabuxluların sərəncamına verilməsi planlaşdırılıb.

Laçına geri dönüşümüzdən bəhs edərkən cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsininin qurulmasını mütləq qeyd etməliyik. Bu bizim müharibə başa çatdıqdan sonra qazandığımız ən böyük strateji nəaliyyətlərimizdən biridir. Bununla da dövlətimiz sərhədlərinin bütövlüyünü tam bərpa etdi. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycana və əks istiqamətə nəzarətsiz hərəkət var idi. Hazırda isə bütün hərəkətlər tam nəzarətimiz altındadır.

Ermənistan bir qədər əvvəl qeyd etdiyim kimi, qanunsuz olaraq ermənilərin Laçında məskunlaşmdırılması siyasətini həyata keçirməklə bütün dünyaya qəbul etdirməyə çalışırdı ki, Laçın rayonu Ermənistanda qalmalıdır, ya da ən azından bütünlükdə rayon özü dəhliz kimi onların istifadəsinə verilməlidir. Lakin, Laçın şəhərinə daxil olmadan Laçın yoluna alternativ yolun çəkilməsinə nail olan Azərbaycan Prezidentinin qətiyyəti, diplomatik məharəti göstərdi ki, onların bu arzusu da baş tutmayacaq və Azərbaycan ərazisinin bir qarışını belə düşmənə güzəştə getməyəcək.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin

sədri Ziyafət Əsgərov