Laçının daha 73 sakini doğma yurda qayıtdı -YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 18-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 73 nəfər köçürülüb.

Bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidməti departamenti məlumat yayıb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Bununla da Laçın şəhərində 111 ailə, yəni 424 nəfərin daimi məskunlaşması təmin edilib.


08:00

Daha 18 ailə (73 nəfər) Laçına yola salınır.

Sabahinfo.az xəbər verir ki, bu gün növbəti köç karvanı Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksindən yola düşür.

Bununla da Laçın şəhərində 111 ailə, yəni 424 nəfərin daimi məskunlaşması təmin edilir.