Ermənistanla birgə hərbi, siyasi, iqtisadi ittifaqda təmsil olunan Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri və səfər çərçivəsində işğaldan azad olunmuş Füzulidə, Şuşada olması, oradakı real vəziyyətlə yerində tanış olması, çox böyük siyasi əhəmiyyətə malikdir.
Bunu Ölkə.Az-a açıqlamasında deputat İltizam Yusifov deyib.
"Baxmayaraq ki, Belarus Ermənistanla KTMT kimi hərbi-siyasi, Avrasiya İqtisadi kimi ittifaqda bir yerdə olsa da, hər zaman Azərbaycanla dost və sıx əməkdaşlıq münasibətlərində olub. Belarus Ermənistanın torpaqlarımızı işğalda saxladığı bir zamanda da davamlı olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyib", - o qeyd edib.
Deputat əlavə edib ki, iki ölkə arasında çox sıx əməkdaşlıq əlaqələri olsa da, Belarus liderinin Azərbaycana növbəti səfəri isə bir çox məqamlarına görə əvvəlki səfərlərindən fərqlənir:
"Birincisi, bu səfər Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərpa etdikdən sonrakı dövrə təsadüf etməsi;
- İkincisi, Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi reallıqlar;
- Üçüncüsü, iki ölkə arasındakı münasibətlərin bölgədə yaranan reallıqlar dövründə yeni bir inkişaf mərhələsinə qədəm qoyması;
- Dördüncüsü, Belarus liderinin Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla hesablaşıb ona uyğun siyasi mövqe sərgiləməsi və ona uyğun bəyanat verməsi;
- Beşincisi, Belarusun Qarabağ və Şərqi Zəngəzurun bərpasında yaxında iştirak etməkdə maraqlı olması;
- Altıncısı, işğaldan azad olan Qarabağ iqtisadi rayonuna, xüsusən də Füzuli və Şuşaya səfər edib oradakı vəziyyətlə tanış olması.
Lukaşenkonun Prezident İlham Əliyevlə verdiyi birgə bəyanata diqqət çəkən deputat bildirib ki, Belarus lideri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini təqdir edib:
"O bəyanatında Azərbaycanın son illərdə çox böyük nailiyyətlərə, xüsusən də Ermənistanın 30 illik işğalçılıq siyasətinə son verib əhraya çevrilmiş torpaqların qaytarmasına və bu problemi köklü şəkildə həll etdiyinə görə Prezident İlham Əliyevi bir daha təbrik edib. Bunu Azərbaycanın müasir dünyada misli görülməmiş qələbəsi adlandırıb.
Belarus lideri Azərbaycanı Cənubi Qafqazın təhlükəsizliyinin təminatçısı qismində görməsi barədə verdiyi bəyanat isə cənab Prezident İlham Əliyevin beynəlxalq miqyasda necə bir yüksək nüfuza malik lider olduğunu ortaya qoydu. Lukaşenkonun "Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Zaman sizi seçib, bizdə belə deyirlər və siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız.
Əminəm ki, siz bunu edəcəksiniz, həm də istərdim ki, tez edəsiniz, siz bunu bacarırsınız. Siz bütün dünyaya göstərdiniz ki, sizdən əvvəlki nəsillərin dövründə həll olunmayan ən mürəkkəb məsələləri həll etməyi bacarırsınız", - deməsi, Azərbaycana və onun lideri İlham Əliyevə verilən yüksək qiymətdir.
Növbəti ciddi məqam isə Belarusun Qarabağ və Şərqi Zəngəzurun bərpasına iştirak etməkdə maraqlı olmasıdır. Belarus lideri bəyan etdi ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə onlara yer tapılarsa, onda bu yükün altına girməyə hazırdırlar. "Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik", - Lukaşenko qeyd edib.
Ümumiyyətlə, Belarus prezidentinin Azərbaycana səfərini cənab Prezidentin yürütdüyü uğurlu xarici siyasətinin davamı kimi dəyərləndirə bilərik. Çünki iki ölkə arasında yüksək səviyyədə əlaqələrin olması ilə yanaşı, uzun müddətdir ki, birgə istehsal müəssilərə yaradıb uğurlu fəaliyyət göstərməsi ənənəsinə malikdirlər. Bu səfər əməkdaşlıq münasibətlərinin yeni bir məhələyə qədəm qoymasına təkan verəcək ki, bu da hər iki dövlətin inkişafına öz töhfəsini verəcək. Artıq bununla bağlı konkret razılaşmalar əldə edilib və qarşıdakı mərhələdə iki ölkə arasında iqtisadi sahədə əlaqələr daha sürətlə inkişaf edəcək. Bu həm işğaldan azad edilən torpaqların yenidən dirçəldilməsinə, həm də ölkə iqtisadiyyatına, yeni iş yerlərinin açılmasına öz töhfəsini verəcək".
Deputat son olaraq onu da qeyd edib ki, Lukaşenkonun Azərbaycana səfəri eyni hərbi-siyasi, iqtisadi ittifaqda təmsil olunduğu Ermənistanda çox ciddi narahatlıq və qısqanclıqla qarşılanıb.
"Belarus liderinin Bakıda verdiyi bəyanatlar, işğldan azad edilən ərazilərə - Füzuliyə, Şuşaya səfəri heç də birmənalı qarşılanmayıb. Bir sözlə, Lukaşnekonun səfəri İrəvanda ciddi əks-sədaya səbəb olub. Ciddi narahatlıq keçiriblər. Lukaşenkonun Azərbaycan və Prezident İlham Əliyev haqqında xoş ifadələr, işğaldan azad olunmuş torpaqların dirçəldilməsində iştirak etmək niyyətində olması, ermənilərdə ciddi ruh düşkünlüyü yaradıb. Bir daha özlərini təklənmiş kimi hiss ediblər. Erməni tərəfi bir daha aydın şəkildə gördü ki, hətta onunla bir ittifaqda olan ölkələr Ermənistanı ciddi qəbul etmir və onunla əməkdaşlıqda elə də maraqlı görünmürlər. Əksinə, daha çox Azərbaycanla yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını real şəkildə həyata keçirirlər. Belə demək, mümkünsə Lukaşenkonun Azərbaycana bu səfərini ermənilərə növbəti ciddi bir şapalaq vrumaq kimi də dəyərləndirə bilərik. Bütün bunlar ancaq və ancaq cənab Prezident İlham Əliyevin Azərbaycanın inkişafına xidmət edən düzgün, hesablanmış siyasəti nəticəsində mümkün olub. Prezident İlham Əliyev yürütdüyü uğurlu siyasətlə nəinki Ermənistanı, ona havadarlıq edən ölkələri belə ofsaytda saxlayıb. Belarus liderinin səfəri bunlardan biridir".