Mahir Abbaszadə: "Ordumuzun yüksək səviyyədə inkişafının əsas səbəblərindən biri də İlham Əliyevin rəhbərliyi ilə yetişmiş Azərbaycan gəncliyidir"

Azərbaycan Silahlı Qüvvələrinin yaranması ölkəmizin həyatında mühüm tarixi hadisələrdən biridir. Azərbaycan tarixinə nəzər salanda görürük ki, hələ 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması, Azərbaycanda ilk nizami ordunun yaranması ilə bağlı o dövrün hökumətinin verdiyi qərarlar, ordu quruculuğu prosesinin getməsi - bütün bunlar Azərbaycan xalqının ordu quruculuğu ilə əlaqədar arzularının həmin zamanlarda yarandığının ilkin nümunələridir. Azərbaycan dövləti Sovet hökuməti daxilində yaşadığı müddətdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hərbi məktəblərin yaranması, həmin məktəblərdə azərbaycanlı balalarının kursant kimi fəaliyyət göstərmələri, hərbi zabitlərin yetişməsi ilə bağlı məsələlər də Azərbaycanda ordu quruculuğu istiqamətində ilk zamanlardan atılan addımlar kimi hesablanmalıdır”.

Bu fikirləri 24 İNFO-ya açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Deputat xatırladıb ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yenə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun formalaşması istiqamətində ciddi işlər görülməyə başlanılıb.

“Yadımdadır ki, 1993-cü ildə ölkəmizdə ordu quruculuğu, nizami ordunun yaranması ilə bağlı Heydər Əliyev hakimiyyətə gəldikdən sonra çox ciddi addımlar atılmağa başladı. Bu proses bütövlükdə Azərbaycan dövlətinin inkişafı ilə əlaqədar vacib məqamlardan biridir. İkinci böyük məqam isə müstəqilliyin ilk illərindən Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazisinin itirilməsi, erməni Silahlı Qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğal altına düşməsi, 1 milyondan artıq qaçqın və məcburi köçkünün yaranması ilə bağlıdır. Çünki torpaqlarımız işğal altına düşəndən sonra Azərbaycan dövlətinin qarşısında duran əsas məsələlərdən biri məhz torpaqlarımızı geri qaytarmaq, Azərbaycanın ərazi və sərhəd bütövlüyünü təmin etmək idi. Təbii ki, Azərbaycan dövləti bu istiqamətdə kifayət qədər işlər aparırdı, amma aparılan işlər arasında əsas məsələlərdən biri ordu quruculuğu prosesinin sürətlə həyata keçirilməsidir”.

M.Abbaszadə deyib ki, Ali Baş Komandan İlham Əliyev prezident seçiləndən sonra bütün sahələrdə inkişaf sürətlə davam etməyə başladı:

Mahir Abbaszadə: "Ordumuzun yüksək səviyyədə inkişafının əsas səbəblərindən biri də İlham Əliyevin rəhbərliyi ilə yetişmiş Azərbaycan gəncliyidir"“Təbii ki, bu sahələr içində ordu quruculuğu, ölkənin təhlükəsizliyi məsələləri, sərhədlərimizin ciddi şəkildə mühafizəsi əsas prioritetlərdəndir. Məhz ölkə Prezidentinin rəhbərliyi ilə iqtisadi gücümüz, dövlətimizin maliyyə imkanları ilbəil artdıqca ordu quruculuğuna daha çox fikir verməyə başladıq. Hər il Azərbaycanın dövlət büdcəsinin xərc hissəsində ən birinci yerdə təhlükəsizlik və hərbi məsələlər olurdu. Həmişə fəxrlə deyirdik ki, Azərbaycanın hərbi sənayesinə, təhlükəsizliyinə ayrılan büdcə Ermənistanın ümumi büdcəsi qədərdir. Cənab İlham Əliyevin rəhbərliyi ilə Orduda aparılan islahatlar, quruculuq işləri, müasir silahların alınması, maddi-texniki bazanın möhkəmləndirilməsi, əsgər və zabitlərin həyat şəraitlərinin yaxşılaşdırılması ilə bağlı atılan addımlar Azərbaycan Ordusunun sürətli inkişafına gətirib çıxardı. Ordumuzun NATO standartları səviyyəsində, təxminən, 50 ordu sırasında ilk əllilikdə yerləşməsi bizim üçün mühüm hadisədir. Azərbaycan Ordusunun inkişafı nəticəsində 2020-ci ildə düşmənə qarşı əks hücum əməliyyatları həyata keçirildi. Azərbaycan işğal altında olan torpaqlarını 44 gün müddətində tamamilə düşməndən azad etdi, İranla, təxminən, 130 kilometrlik, Ermənistanla 400 kilometrdən artıq sərhədlərini bərpa etdi.

 

Mahir Abbaszadə: "Ordumuzun yüksək səviyyədə inkişafının əsas səbəblərindən biri də İlham Əliyevin rəhbərliyi ilə yetişmiş Azərbaycan gəncliyidir"Bütün bunlar göstərir ki, Azərbaycanda ordu quruculuğuna yüksək səviyyədə diqqət yetirilir. Hazırda bu proses davam edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərə ayrılan vəsaitləri çıxmaq şərtilə ölkəmizdə ordu quruculuğu və təhlükəsizlik məsələləri ilə bağlı ayrılan vəsaitlər bu gün də dövlət büdcəsinin çox böyük xərc maddəsini özündə ifadə edir. Bunun nəticəsidir ki, artıq Azərbaycan yeni hərbi birləşmələr yaradılmasını həyata keçirir. Yeni növ hərbi birləşmələr komando birlikləridir. Komando birlikləri nəticədə Azərbaycan torpaqlarının etibarlı qorunmasını təmin edəcək. Ordumuzun yüksək səviyyədə inkişaf etməsinin əsas səbəblərindən biri də ölkəmizdə son 20 ildə İlham Əliyevin rəhbərliyi ilə yetişmiş Azərbaycan gəncliyidir. Vətənpərvər, dövlətini, torpağını sevən, vətənə sədaqət andı içmiş gənclər ordumuzun ana xəttini təşkil edir. Onlar 44 günlük Vətən müharibəsində Azərbaycan oğullarının nə dərəcədə vətənə sədaqətli olduqlarını nümayiş etdirdilər. Ordu quruculuğu daim inkişaf edən, təkmilləşən, davam edən prosesdir. Bundan sonrakı müddətdə də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbyacan Ordusu sürətlə inkişaf edəcək, bütövlükdə həmişə Azərbaycan xalqının qarantı olaraq bu ölkənin sərhədlərinin, torpaqlarının qorunmasını daim təmin edə biləcək”.