“Türkdilli Ölkələrin Dövlət Başçıları Şurası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi haqqında qərar qəbul etdi. Bu qərar dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına, türk birliyinə mühüm töhfə verməsinə və bölgədə davamlı sülhün, sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəmizə əsaslanır. Mükafat bir daha Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığını nümayiş etdirdi. Cənab İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündəki çıxışında mükafatın böyük şərəf, eyni zamanda, məsuliyyət olduğunu önə çəkərək bu məqamı da xüsusi qeyd etmişdir ki, sevincimi ikiqat edən bu Ali Ordenin Türk Şurasına üzv ölkələrin imzası və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə verilməsidir. Dövlət başçısının qeyd olunan çıxışı həm Azərbaycan-Türkiyə dostluğuna, həm türk dünyasının birliyinə, həm də 44 gündə 30 ilin işğalına son qoyan Zəfərimizə bir baxış oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edərkən bildirdi ki, otuz il davam edən işğala 44 gündə son qoyulması təkcə azərbaycanlı qardaşlarımız deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirildi. Azərbaycan bununla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etdi. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi türk dünyasının birliyini və bərabərliyini möhkəmləndirir. Bu kimi reallığı özündə əks etdirən fikirlərin fonunda Azərbaycanın tarixi Zəfərinin bugünümüz və gələcəyimiz üçün əhəmiyyəti daha aydın görünür. Bir sözlə, təsdiqlənir ki, Prezident İlham Əliyev türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial Lider kimi şöhrət qazanıb.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov dövlət başçısı İlham Əliyevin hələ 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının Naxçıvan Zirvə Görüşündə səsləndirdiyi “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır” fikirlərini xatırladaraq qeyd edib ki, bu gün böyük fəxrlə, qürur hissi ilə türk dünyasının birlik arzusunun reallığa çevrilməsində ölkə Prezidenti İlham Əliyevin xidmətlərindən, töhfələrindən bəhs edirik: “Hazırda Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Türkdilli dövlətlər arasında coğrafi bağlılıq bərpa edilir. Cənab İlham Əliyev daim bəyan edir ki, gücümüz birliyimizdədir. Hər bir ölkənin problemi digərinin problemi kimi qəbul olunmalı, həlli istiqamətində birgə səylər göstərilməli, addımlar atılmalıdır.”
“Tarixi Zəfərimizin yaratdığı reallıqlar birliyimizi daha da möhkəmləndirəcək” söyləyən millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, bu gün türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Çünki birgə gələcəyimiz üçün çox möhkəm zəmin, təməl var. Bu, ortaq köklərimiz, dilimiz, dinimiz və maraqlarımızdır.
Azərbaycanın Türkdilli Dövlətlətin Əməkdaşlıq Şurasına sədrlik etdiyi 2019-2021-ci illərdə türkdilli dövlətlər və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərdən, əldə olunan müsbət nəticələrdən geniş bəhs edən M.Həsənov diqqəti dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda ölkə Prezidentinin qlobal problemin həlli üçün birgə addımların atılmasına böyük ehtiyacın olduğunu bildirərək öncə türk dünyasının, sonra ümumilikdə bütün dünyanın bir araya gəlməsinə xidmət edən təşşəbbüslərinə yönəldib: “Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının COVİD-19-a həsr olunan Zirvə Görüşü keçirildi. Bu kimi addımlar təsdiqləyir ki, Türk Şurası dostluq və qardaşlıq təməlləri əsasında qurulub. Azərbaycanın təşkilata sədrliyi qardaş Türkiyəyə təhvil verməsi bundan sonra türk dünyasının birliyinə xidmət edəcək addımlar barədə aydın təsəvvür yaradır.”
Millət vəkili Zirvə Görüşündə səsləndirilən fikirlər əsasında bu ümumiləşdirməni aparıb ki, Azərbaycan tarixi Zəfəri ilə bölgəyə sülh, sabitlik, təhlükəsizlik gətirib. Öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir gətirməyəcək. Yaxın gələcəkdə Ermənistan həm Türkiyəyə, həm Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır, əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər.