“Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir. Martın 2-də Bakıda öz işinə başlayan, 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, 5 ölkənin prezidentlərinin, üç ölkənin vitse-prezidentlərinin, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, eyni zamanda, nazirlərin, nazir müavinlərinin, səfirlərin qatıldıqları Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bu gün dünyada baş verən hadisələrin, mövcud çətinliklərin təhlili fonunda səylərin birləşdirilməsi çağırışının aktuallığını nümayiş etdirir. Bu tədbir Azərbaycanın qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.
Ölkəmiz daim dünyaya sülh, əməkdaşlıq, birlik, həmrəylik çağırışlarını edir, bunu nəinki sözdə, əməldə təsdiqləyir. Azərbaycan-Qoşulmama Hərəkatı, həmçinin təşkilata üzv dövlətlər arasında münasibətlərin hazırkı inkişaf səviyyəsi qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Zirvə görüşündə çıxış edən dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik. Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Azərbaycan Hərəkata qoşulduğu 2011-ci ildən bugünədək beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanıb.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi çağırışların, təkliflərin hər biri Qoşulmama Hərəkatının nüfuzunun artırılmasına xidmət edir: “Bu məqamı qeyd etməliyik ki, Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdu. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürü, dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının dövlətimizin siyasətinə verdiyi dəstəyin ifadəsi idi. Ötən il Hərəkata üzv dövlətlərin yekdil qərarı əsasında Azərbaycanın sədrlik müddətinin bir il, 2023-cü ilin sonunadək uzadılması bir daha ölkəmizin artan nüfuzunun təqdimatı oldu. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə daim Hərəkatın inkişafına, söz sahibliyinə böyük töhfələr verir. Hazırda Qoşulmama Hərəkatı qlobal məsələlərin müzakirə edildiyi platforma kimi diqqətdədir.”
“Zirvə görüşündə dövlət başçısı İlham Əliyevin çıxışı hazırkı dövrün reallıqları fonunda qarşıda dayanan vəzifələrə işıq saldı” söyləyən Malik Həsənov vurğulayıb ki, yeni reallıqlar dünyanın siyasətinin yenidən formalaşdırılmasını bir zərurətə çevirir. Ölkə Prezidenti bu çağırışı etdi ki, Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
Millət vəkili bu məqama da xüsusi diqqət yönəldib ki, Azərbaycan təşəbbüsləri ilə Hərəkatın dünya siyasətində rolunun artmasında əhəmiyyətli rol oynayır: “İrəliyə sürülən hər bir təşəbbüs və onun gerçəkliyə çevrilməsi Azərbaycanın hədəflərə doğru inamla irəliləməsinin göstəricisidir. Həmçinin ölkəmizin bütün məsələlərin həllində ədalətə və beynəlxalq hüquqa əsaslanması Azərbaycana olan etimadın və inamın artmasını şərtləndirən əsas faktordur.”
“Müzakirəyə çıxarılan əsas məsələ BMT sistemində aparılan islahatlardır. Bu islahatlara ehtiyac 44 günlük İkinci Qarabağ müharibəsindən sonra daha aydın şəkildə hiss olunur. Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında ikili standartlara əsaslanan siyasətin özünü qabarıq şəkildə büruzə verməsi Azərbaycanın daim haqlı narazılığına səbəb olur. Bu qətnamələr bəzən bir neçə günün içində icra olunduğu halda Azərbaycana gəldikdə 30 il gözlədik. Sonda ölkəmiz bu qətnamələri təkbaşına icra edərək ərazi bütövlüyümüzü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi”,- deyə Malik Həsənov qeyd edib.
Millət vəkili belə bir ümumiləşdirmə aparıb ki, Zirvə görüşündə səslənən çağırışlar, təkliflər gələcəkdə uğurlu nəticələrdə öz təsdiqini tapacaq: “Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərini əsirgəməyəcək. Zirvə görüşü bir daha təsdiqlədi ki, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.”