“Əslində Hesablama Palatasının açıqladığı rəqəmlər onu göstərir ki, ölkədə maliyyə intizamı ilə bağlı vəziyyət çox acınacaqlıdır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında bildirib.
“Hesablama Palatasına minnətdaram ki, onlar real vəziyyət haqqında Milli Məclisə məlumat verirlər. Amma sonda Hesablama Palatasının verdiyi hesabatı qənaətbəxş sayacağıq və bununla da işimiz sanki bitmiş hesab olunacaq. Misal üçün, bir müddət öncə mətbuatda rast gəlmişdim ki, ABŞ-də tikilən bir məktəb bizim Elm və Təhsil Nazirliyinin tikdirdiyi məktəbdən 3 dəfə ucuz başa gəlib.
Yəni bu, Hesablama Palatasının üzvlərini də narahat eləməlidir. Hansısa mərkəzi icra hakimiyyəti orqanları, dövlət orqanları nə isə sifariş edirsə və hansı özəl şirkət bu işdə iştirak edirsə, həmin özəl şirkətin də fəaliyyəti yoxlanılsın. Yəni bunu yoxlamadan nöqsanların miqyasını aşkara çıxarmaq mümkün deyil. Biz bilirik ki, əgər həmin özəl şirkətlər də yoxlanılsa, bəlli olacaq ki, dövlət orqanı onların hesabına pul köçürəndən qısa müddət sonra, hesablara həmin şirkətdən pullar ödənilir və həmin pullar böyük məbləğdə nağdlaşdırılır. Bu korrupsiya mexanizminin aşkara çıxarmasaq, büdcə vəsaitlərindən səmərəli istifadəni təmin edə bilməyəcəyik. İndi hörmətli Hesablama Palatasının sədri Vüqar Gülməmmədov desə ki, bizim buna səlahiyyətimiz yoxdur, qanunun bu maddəsi o cür başa düşülməməlidir - onda ən azı təklif verilməli idi ki, biz, qanunda bu dəyişikliyi edək. Amma qeyd elədiyim kimi, 8.0.4-cü maddədə bu öz əksini tapıb. Amma bizə təqdim olunan hesabatlarda bu kimi araşdırmaların aparılmasına rast gəlməmişik” , - deyə deputat vurğulayıb.
Q.Həsənquliyev qeyd edib ki, Konstitusiyanın 95-ci maddəsinin 5-ci hissəsinə görə, Milli Məclis büdcəyə nəzarət edir:
“Amma biz, büdcəyə nəzarət haqqında qanun qəbul etməmişik, büdcənin icrası haqqında qanun qəbul etmişik. Sanki büdcənin icrası ilə bağlı hökumət hesabat verir, bir də həmin hesabatdan sonra qərar qəbul edirik. Ona görə hesab edirəm ki, büdcəyə nəzarət haqqında qanun qəbul olunmalı, orada mexanizmlər yaradılmalıdır. Büdcəyə nəzarət üzrə Milli Məclisin müvafiq komitəsi yaradılmaldır. Milli Məclis büdcə vəsaitlərindən səmərəli istifadəyə ciddi şəkildə nəzarət etməlidir”.