Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakının Baş planının təqdimatı mərasimində bildirib ki, əsas hədəflərdən biri şəhərin istənilən hissəsində yaşayan insanların həm işlədikləri, həm də təhsil aldıqları yerə 15-20 dəqiqəyə çatmasıdır. O qeyd edib ki, hazırda bütün dünyada "15 dəqiqəlik şəhər" prinsipi tətbiq edilir: "Bu prinsip o deməkdir ki, şəhərdə bərabər keyfiyyətdə infrastruktur təmin edilsin. Bakı insanyönümlü və insanların rahatlığını təmin edən şəhər olmalıdır”.
Bəs görəsən insanların həm işlədikləri, həm də təhsil aldıqları yerə 20 dəqiqəyə çatması necə həll olunacaq?
Deputat Tahir Rzayev "Unikal"a açıqlamasında bildirib ki, böyük şirkətlər, nazirliklər, universitetlər regionlara köçürülməlidir. Onun sözlərinə görə, bununla paytaxtdakı sıxlıq müəyyən qədər aradan qalxar:
"Bununla yanaşı yol infrastruktur sistemi daha da təkmilləşdirilməlidir. Həmçinin, nəqliyyatın hərəkətində möhkəm nizam-intizam yaradılmalıdır. İnsanlar özləri maraqlı olmalıdır ki, tıxaclar aradan qalxsın. Tıxaclar insanların vaxt itkisinə, həm də maddi ziyana səbəbə olur. Bəzən maşınlar saatlarla yolda qalırlar. Eyni zamanda ekologiyaya, insanların səhhətinə ziyandır. Bununla yanaşı xeyli yanacaq sərf olunur. Elə ailə var ki, 5 maşını var və onlarla səhər işə gedirlər. Buna ehtiyac varmı? Bir maşınla da getmək olar. İctimai nəqliyyata üstünlük verilməlidir.
Həmçinin, maşınların hamısı şəhərə buraxılmalı deyil. Xarici ölkələrdə belə bir təcrübə var ki, kənardan şəhərə maşınla gələn şəxslər onu şəhərətrafı dayanacaqda saxlayıb ictimai nəqliyyatla müvafiq yerə gəlirlər. Bu üsullar tətbiq olunsa, sıxlığın qarşısı alına bilər. Eyni zamanda, yaxın illərdə işğaldan azad edilmiş ərazilərə yüz minlərlə adam köçürüləcək. Bu da müəyyən qədər şəhərdə sıxlığın qarşısını alacaq".