"Milli komandamız dünən İsveçə 5-0 uduzdu. Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan".
Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri, ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev deyib.
Səfir bildirib ki, Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlini üzüb:
"Həmin oyunda 8-0 hesabı ilə məğlub olduq. VİP lojada Polşanın müdafiə naziri V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub:
-Bu futboldur, - dedi. - Hər dəqiqə hər şey dəyişə bilər.
Dördüncü qol vurulanda isə:
-Futbol boş şeydir, - deyə ürək-dirək verdi. - Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan. Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən o da oyuna görə xəcalət çəkirdi. Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil 8-0 uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar. Yanaşı oturduğumuz məşqçi isə guya özünə haqq qazandırırmış kimi:
-Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox...-dedi. Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan. Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir".