Bakı sakini Ellada Məmmədova işlədiyi şirkətdən qeyri-qanuni şəkildə işdən çıxarıldığını bildirir.
“Qafqazinfo”ya müraciət edən E.Məmmədova 24 il işlədiyi hoteldən əsassız və qeyri-qanuni formada işdən çıxarıldığını deyir: “1996-cı ildən etibarən “Baku Hotel Company” şirkətinin Azərbaycandakı Nümayəndəliyinə məxsus “Hyatt Regency Baku” hotelində çalışmışam və sonuncu vəzifəm təmizlik şöbəsində menecer assistenti olub. Birinci qrup əlil olan anam, 83 yaşlı Anna Məmmədova da mənim öhdəliyimdədir.
Hadisəyə gəlincə, 18 iyun 2020-ci ildə şirkətin İnsan Resursları şöbəsinə dəvət edildim. Ştatın azalması səbəbindən avqustun 20-də əmək müqaviləmə xitam veriləcəyi bildirildi. Şöbənin rəhbəri Arzu Əsgərovaya etiraz edərək dedim ki, birinci qrup əlil anaya qulluq edirəm. Bu faktı təsdiq edən (TSEK) elektron arayışı da təqdim etdim. Bundan sonra A.Əsgərova mənim işdən çıxarılmağıma hüquqi əsas yaratmaq şirkətin hüquqşünasına müraciət etdi. Vəkil yazışmalarında vəzifəmin aşağı salına bilinməyəcəyini, ancaq vəzifədən azad oluna biləcəyimi yazıb. Vəkilin fikrincə, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, öhdəsində birinci qrup əlil ailə üzvü olan işçi müvafiq icra hakimiyyəti orqanından qəyyumluq haqqında arayış təqdim etdikdə işdən azad edilə bilməz. Mən isə qəyyumluq haqqında belə arayış təqdim etmədiyim üçün vəkil hesab edib ki, məni işdən çıxarmaq olar”.
Şikayətçi əlavə edib ki, əmək hüququnun bərpası ilə bağlı məhkəmələrə üz tutub və Arzu Əsgərova ilə şirkətin vəkili arasında yazışmalar iş materiallarına əlavə olunub: “Orada qeyd olunur ki, ananın əlilliyi haqqında arayış hələ əmək müqaviləyə dəyişiklik edilməmişdən öncə tərəfimdən təqdim edilib. Bu sənəd hətta tərəfimizdən Apelyasiya Məhkəməsində təkrarən təqdim edilib. Həmçinin Koronavirus pandemiyası dövründə Azərbaycanda tətbiq olunan əmək müqavilələrinin ləğvinə moratorium qoyulub. Dövlət şirkətlərə iş yerlərinin qorunması məqsədilə kifayət qədər ödənişlər edib. Lakin təəssüf ki, çalışdığım şirkət buna məhəl qoymayıb”.
Ellada Məmmədova qeyd edib ki, məhkəmələr qanunun onun tərəfində olmasına baxmayaraq, iş yerində bərpa hüququnu rədd edib və işəgötürənin tələblərini təmin edib: “Müraciətimiz Yasamal Rayon Məhkəməsindən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasından və Ali Məhkəmənin Mülki Kollegiyasından keçib. “29 iyun 2020-ci il tarixli 1 nömrəli əmək müqaviləsinə qoşmanın etibarsız sayılması və işə bərpa edilməsi haqqında" iddia qaldırmışam. Ombudsman Aparatına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Daxili İşlər Nazirliyinə şikayət etmişəm. Ancaq onların heç biri, xəstə anasına qulluq edən vətəndaşı qorumağa çalışmadı. Üstəlik, məhkəmələr əmək qanunvericiliyinin çoxsaylı qanun pozuntularına yol verib, uzun müddət orada işləyən və işinə böyük məsuliyyətlə yanaşdığı üçün heç vaxt fəaliyyətinə görə şikayət almayan bir işçini hüquqlarını pozmuş şirkət rəhbərliyinə xidmət ediblər.
Baxmayaraq ki, koronavirus pandemiyası dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işəgötürənlərə işçiləri işdən çıxarmağı qadağan edib. Ola bilməz ki, vəkil bu barədə bilməsin. Ancaq bu hamısı deyil…”
Şikayətçinin sözlərinə görə, 24 iyun 2020-ci il tarixində Azərbaycanda xüsusi karantin rejiminin qüvvədə olduğu dövrdə o, icazəsi olmadan məcburi şəkildə iş yerinə çağırılıb, üç saata yaxın İR şöbəsində saxlanılıb və naməlum məzmunlu sənəd imzalamağa məcbur edilib: “Niyə naməlum məzmunlu? Çünki mən Azərbaycan dilini yaxşı bilmirəm. Bu hal daha sonra Apellyasiya Məhkəməsində aşkar olundu və məhkəmə tərəfindən təsdiqləndi. Bununla əlaqədar məhkəmə məni tərcüməçi ilə təmin etdi.
Məhkəmə müəyyən etdi ki, anam ukraynalı, atam rusdur və mən, həm məktəbdə, həm də ali məktəbdə rus sektorunda təhsil almışam (təhsil müəssisələri tərəfindən məhkəməyə müvafiq arayışlar təqdim olunub). Adı gedən sənədlərin təqdim olunması üçün məhkəmə prosesi Bakı Şəhər Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri, hakim Məmməd Məmmədov tərifindən təxirə alınıb”.
E.Məmmədova vəzifəsinin dəyişdirilməsi prosesi zamanı bir sıra faktların saxtalaşdırıldığını iddia edib: “Qanunun 59-cu maddəsinə əsasən, yalnız işçinin razılığı ilə işəgötürən ona əmək müqaviləsində nəzərdə tutulmayan bir mövqe təklif edə bilər və bu müqaviləyə əlavələr edilməlidir. Əslində isə bunların heç biri edilməyib. Mənim vəzifəm aşağı salındı, maaşım azaldıldı və ən başlıcası, təzyiq altında naməlum məzmunlu sənəd imzalamağa məcbur edildim. Əks təqdirdə, işdən çıxarılma təhdidi ilə üzləşdim. Amma bu, əmək hüquqlarımın bütün pozuntuları deyil. Təmizlik şöbəsində menecer köməkçisinin iki ştat vahidi var idi, ancaq yalnız mən ixtisar edildim, başqa işçi isə öz işinə davam etdi. Ümumiyyətlə, işəgötürən Əmək Məcəlləsinin 2, 43, 56, 59, 82-ci maddələrinin tələblərini kobud şəkildə pozub. Ancaq bütün bu məqamlar Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi İsmayıl Xəlilov tərəfindən nəzərə alınmadı, işin matriallarında mövcud olan sənədlərin, guya məhkəmələrə təqdim edilmədiyini göstərilərək işəgötürənin lehinə qərar verildi”.
Qeyd edək ki, Məmmədovanın məhkəmə çəkişmələri 2020-ci ilin sentyabrından başlayıb və bu günə qədər davam edir: “Nəticədə şirkət rəhbərliyi tərəfindən sıxışdırılmanın və təqibin qurbanı oldum. Bir qrup rəhbər şəxs (Təmizlik şöbəsinin rəhbəri Sevda Babayeva və İnsan Resursları şöbəsinin rəhbəri Arzu Əsgərova) bir-birinin lehinə ifadə verərək, haqqımda yalan məlumatlarla müxtəlif protokollar tərtib edib və barəmdə töhmət verməyə başlayıblar. Onlar faktiki olaraq mənə təzyiq göstəriblər. Tətbiq edilmiş 2 intizan tənbehindən 1-cisi mənimlə ümumiyyətlə əlaqədar olmayıb, 2-cisi isə işdə olmadığım müddətdə baş verib. Bu halla əlaqədar Yasamal Rayon Məhkəməsində iddia qaldırdım, hakim Təhminə Xəlilova işi baxılmamış saxladı.
Bundan əlavə, 7 aprel 2022-ci ildə mənə işlədiyim şirkətin ləğvi səbəbindən əmək müqaviləmin ləğv ediləcəyi barədə bildiriş gəldi. Ancaq burada da işəgötürən qanunu pozdu: Şirkət ləğv prosesində əmək müqaviləsini ləğv edə bilməz. Əvvəlcə bu proses tamamlanmalı və yalnız bundan sonra müqavilə ləğv edilə bilər. Bu hal məhkəməyə müraciət etdiyi ikinci iddianın predmetidir. Bu iddia ilə hakim yenidən Təhminə Xəlilova təyin edilib. Lakin hakim işi, qanuna zidd olaraq qəbul etməyib, geri qaytararaq qərar qəbul etmişdir. Çoxsaylı şikayət və iradlardan sonra, şikayətin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi mümkün oldu. Nəhayət apelyasiya instansiyası Yasamal Rayon Məhkəməsinə etiraz etdi və işin icraata götürülməsi ilə bağlı qərar verdi. Ümid edirəm pozulmuş əmək hüquqlarım qanun çərçivəsində bərpa ediləcək”.
E.Məmmədova əmək hüququnun bərpa edilməsini və bu məsələyə aidiyyəti qurumların reaksiya göstərməsini xahiş edib.