"Prezident İlham Əliyev 31 iyul 2023-cü il tarixli «Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 20 noyabr - Ağdam Şəhəri Günüdür".
Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Parlamentari bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımız 44 günlük İkinci Qarabağ müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı:
"Rəşadətli ordumuzun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər hərbi yolla işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmaq məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
Bu gün işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən Ağdam şəhəri erməni vəhşiliklərinin dünya ictimaiyyətinə təqdimatıdır. Bu ərazilərdə 30 illik işğal dövrünün dağıntılarını hazırda genişmiqyaslı bərpa-quruculuq işləri əvəz edir. Bu torpaqlarda olan xarici qonaqlar törədilən dağıntılardan heyrətlərini gizləmirlər. Qeyd edək ki, 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırmış, 2010-cu ildə isə Əl-Cəzirənin internet nəşri Ağdamı “Ruhlar şəhəri” siyahısına daxil etdi".
Milli Məclisin deputatı qeyd edib ki, Şəhər Günləri, eyni zamanda, bu ərazilərimizin işğal tarixlərini da unutmamağa, ermənilərin törətdikləri vəhşilikləri indiki və gələcək nəsillərə çatdırmağa bir çağırış edir.
V. Rəhimzadə vurğulayıb ki, Ağdamın Baş planı əsasında işlər uğurla davam etdirilir. Şəhərin özündə 5 məhəllənin inşası nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda rayonun 3 kəndində - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir.
Milli Məclisin deputatı bildirib ki, Ağdamda keçmiş məcburi köçkünlərin tezliklə öz ata-baba yurdlarına qayıtması üçün ölkəmizin bütün potensialı səfərbər olunub. Ağdam şəhəri sakinlərinin yolunu gözləyir. Yeni salınan kəndlər, ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcək şəhərdə aparılan quruculuq işləri deməyə əsas verir ki, Ağdamın öz sakinlərinə qovuşacağı gün uzaqda deyil.