Vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan belə şəxsiyyətlərdəndir. Müasir Azərbaycan dövlətinin inkişafında, qüdrətlənməsində, beynəlxalq nüfuzunun yüksəlməsində, xalq-iqtidar birliyinin möhkəmlənməsində ölkəmizin Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti, gərgin əməyi, misilsiz xidmətləri və böyük uğurları vardır. Mehriban xanımın çoxşaxəli, xoş məramlı, tolerantlıq və humanizm ənənələrinə söykənən birləşdirici, səfərbəredici fəaliyyəti sayəsində qədim və zəngin Azərbaycan mədəniyyəti dünya miqyasında ləyaqətlə təqdim olunmuş, xalqımıza çoxsaylı dostlar qazandırmış, Azərbaycanın beynəlxalq aləmdə müasir, sivil, tolerant, insan haqlarına və mənəvi dəyərlərə yüksək qiymət verən dünyəvi dövlət kimi tanınmasında əvəzsiz rol oynamışdır.
Ot kökü üstündə bitər deyib atalarımız.
Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurları əldə etməsi sırf zaman məsələsidir. Xanım Mehriban Əliyeva əsil-nəsilli ziyallı ailədə doğulub-böyümüş, mükəmməl təlim-tərbiyə almışdır. Gənc yaşından isə ulu öndər Heydər Əliyev kimi dövlət xadiminin ailəsində mənimsədiyi siyasi təlim və əhatəli sosial baxış, akademik Zərifə xanım Əliyevadan əxz etdiyi ictimai-mədəni davranış, insani nəciblik və mərhəmət, görkəmli yazıçı Mir Cəlal və ustad jurnalist Nəsir İmanquliyev babalarından görüb-götürdüyü milli ziyalılıq düşüncəsi, akademik Arif Paşayev və professor Aida İmanquliyeva valideynlərindən aldığı nümunəvi ailə tərbiyəsi Mehriban Əliyevanın illər boyu formalaşan ictimai-siyasi-mədəni təməli olmuşdur.
Xanım Mehriban Əliyevanın qadın lider olaraq formalaşması və yüksəlməsi həm daxili istedadı, bacarığı, mükəmməl təhsili, praqmatik zəkası, həm də taleyinə yazılmış ulu öndər Heydər Əliyev kimi böyük strateqin həyat və siyasət məktəbindən yetərli dərs alması olmuşdur.
Mehriban xanım öz uğurlu siyasi-dövlətçilik fəaliyyəti ilə "Şərqdə siyasət yalnız kişi işidir" – kimi formalaşan yanlış stereotipi sındırdı.
Eyni zamanda, Azərbaycan qadınının dünyada müasir, özünə inamlı, güclü, professional, öz ailə ocağının qoruyucusu kimi müsbət obrazını ləyaqətlə təqdim etdi.
Mehriban xanım Əliyevanın ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu, Yeni Azərbaycan Partiyasında fəaliyyəti xalq içərisində partiyanın nüfuzunun artmasına, gənclərin və qadınların partiya sıralarında təmsilçiliyinin yüksəlməsinə böyük stimul vermişdir.
Mehriban xanım 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavini, 2021-ci ildən isə partiya sədrinin birinci müavinidir. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq seçicilərin böyük əksəriyyətinin səsini toplayaraq deputat seçilmişdir.
Öz seçicilərini parlamentdə ləyaqətlə təmsil edən Milli Məclisin deputatı Mehriban Əliyevanın qanun yaradıcılığı sahəsində fəaliyyəti də səmərəli və faydalı olmuşdur. O gender bərabərliyi, insan haqları, sosial müdafiə və səhiyyə sahəsində bir çox gərəkli layihələrin müəllifi olmaqla yanaşı, parlamentarizm tarixinə aministiya aktı haqqında qanun layihəsi təqdim edən ilk deputat kimi düşmüşdür.
Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır. O, bu təşəbbüsü ənənəyə çevirərək 2009, 2013, və 2016-cı illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə həmin illərdə on minlərlə vətəndaş azadlığa buraxılmışdır.
Cənab Prezident İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi isə cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisi oldu. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına əhəmiyyətli dəstək verən Mehriban Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir. Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyəti ilə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasına layiqli töhfələr verməkdədir.
Birinci vitse-prezident hər zaman hər kəsə vətəndaş olmağın meyarlarını anladır. İnsanlara vətəndaş məsuliyyəti aşılayır. Ona olan ümumxalq sevgisi bu vətəndaşlıq dərslərinin, dövlətçilik tərbiyəsinin təsir gücünü təmin edir. İnsanlarımız öz davranışlarında onun tövsiyələrini nəzərə alırlar. Çünki ona inanırlar. Bilirlər ki, əgər bunu Mehriban xanım deyirsə, deməli, insanların faydasınadır. Bunu koronavirus pandemiyasına qarşı karantin tədbirlərinin həyata keçirildiyi vaxt birinci xanımın cəmiyyətimizə ardıcıl müraciətlərində, vətəndaşların həmin müraciətləri sevgi və anlayışla, əsl dost tövsiyələri kimi qarşılamalarında da gördük.
Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edir. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Mehriban Əliyevanın döyüşlərdə yaralanmış qəhrəman əsgər və zabitlərimizin müalicəsini birbaşa nəzarətinə götürməsi xalqımızın dərin rəğbəti ilə qaşılandı.
Bu məqamda Birinci vitse-prezidentin Vətən müharibəsinin ilk günlərində xalqa müraciətindəki duyğusal sözlər yada düşür: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”. Bu müqəddəs dua və arzu 44 gün ərzində reallaşdı. Doğma Qarabağımız Ali Baş Komandanın sarsılmaz iradəsi, Ordumuzun qüdrəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində azadlığına qovuşdu. Bu gün isə azad torpaqlarımızda geniş quruculuq işləri aparılır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu işlərdə yaxından iştirak edir. Mən özüm “Yaşat” Fondunun Himayəçilik Şurasının üzvüyəm və bilirəm ki, Mehriban Əliyeva “Yaşat” Fondunun da etibarlı tərəf müqabilidir.
Xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu dünyada öz çoxmiqyaslı, xeyirxah fəaliyyəti ilə seçilən, böyük layihələrə imza atan vətəndaş cəmiyyəti qurumudur. Ulu Öndərin adını, onun ideya və əməllərini daşıyan, ölkədə və dünyada səhiyyə, təhsil, elm, mədəniyyət, mənəviyyat sahəsində müxtəlif səpkili tədbirləri gerçəkləşdirməklə, dövlət siyasətinin həyata keçirilməsində ictimai qurum kimi böyük bir nüfuz qazanmışdır.
Azərbaycanda təhsilin inkişafını, təhsil şəraitinin yaxşılaşdırılmasını hər zaman diqqətdə saxlayan Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən yüzlərlə yeni məktəb binaları tikilib, yenidən qurulub, müasir avadanlıqlarla təchiz edilib. Uşaq evləri, internatların inkişafına dəstək proqramı, yeni uşaq tərbiyə müəssisələrinin inşası bu sahədə ciddi keyfiyyət dəyişikliyi yaratdı. Birinci xanım valideyn himayəsindən uzaq uşaqlara sosial himayəni ənənə halına saldı, ölkədə xeyriyyəçilik hərəkatına canlılıq gətirdi, Heydər Əliyev Fondunu nəinki Azərbaycanda, dünyada xeyirxahlıq və mərhəmət ünvanına çevirdi.
Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin böyük qayğıkeşidir. On yeddi ildir ki, Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi qeyri-maddi mədəni irsin təbliği və qorunması missiyasını şərəflə yerinə yetirir. Eyni zamanda, ISESCO-nun da xoşməramlı səfiri olaraq Azərbaycan tarixini və mədəni irsini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində davamlı fəaliyyət göstərir. Məhz bu səylərin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Bundan başqa, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib. Əsrlərdən gələn Azərbaycan xalq sənətlərinin və digər mədəni trendlərimizin yenidən dirçəldilməsi, bu tarixi irsin dünyaya tanıdılması da Mehriban Əliyevanın humanist fəaliyyəti ilə bağlıdır.
Azərbaycan musiqi sənətinin böyük qayğıkeşi olan Mehriban Əliyeva görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin və digərlərinin nurlu xatirələrinin əziz tutulması üçün qədirşünaslıq nümunələri göstərmişdir. Avqustun 17-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi buna əyani nümunədir. Xatirə gecəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Şadam ki, özümü çox məhsuldar bəstəkar hesab etməsəm də, musiqi incəsənəti sahəsində az-çox tanınıram. İllər öncə Heydər Əliyev Fonduna, fondun rəhbəri Mehriban Əliyevaya həsr etdiyim musiqi layihələrim isə yaradıcılığımın əhəmiyyətli səhifələrini təşkil edir.
Mehriban Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı... Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır.
Mehriban xanım bütün fəaliyyətində səmimidir, sadədir, xoş niyyətlidir: valideyn himayəsindən məhrum əlil bir uşağı ana nəvazişi ilə qucağına alanda da, şəhid anasını bir doğma bacı kimi qucaqlayıb təsəlli verəndə də, dövlətdən aldığı yeni evinə köçən məcburi köçkün ailəsinin sevincini bölüşəndə də, zəlzələdən evi uçmuş yaşlı nənəni ziyarət edəndə də, dağ kəndində bir molokan ailəsinin həyətində çay süfrəsində əyləşəndə də... Belə misalları çox çəkmək olar, amma ehtiyac yoxdur, onsuz da xalq hər şeyi görür və elin gözü tərəzidir!
Birinci vitse-prezidentin kütləvi informasiya vasitələrində xalqa müraciətində, “İnstaqram” səhifəsində tez-tez oxuduğumuz müxtəlif məzmunlu paylaşımların sonunda həmişə bir səmimi imza var: “Sizin Mehriban”. Məktublarda, müraciətlərdə "sizin" imzası ən doğma adamlara, adətən, ailə üzvlərinə münasibətdə işlədilir. Mehriban xanımın müraciətindəki bu doğmalıq Azərbaycan vətəndaşlarına məhəbbətindən, təmənnasız sevgisindən irəli gəlir. Hər bir azərbaycanlı ailəsi hörmətli Mehriban xanımı öz doğması, ailəsinin əziz bir üzvü kimi qəbul edir.
Mehriban xanıma xas olan yüksək işgüzarlıq və mənəvi keyfiyyətlər, dərin biliklər, təşkilatçılıq bacarığı bir mədəniyyət məktəbi olaraq öyrənilməlidir. Mehriban xanımın yüksək dövlət vəzifələrində çoxillik fəaliyyəti, qazandığı hörmət və böyük beynəlxalq nüfuzu, əvəzsiz və məhsuldar fəaliyyəti ilə sözün əsil mənasında önəmli bir tarix yazmaqdadır. Hesab edirəm ki, yazılan bu tarixin hər sətri insanlığa mənəvi keyfiyyətlər bəxş edir. Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ona varlığı boyunca bütün ruhu və qəlbi ilə xalqın təəssübkeşliyini daşıyaraq, milli ideyalar ilə yaşayıb yaradan, tükənməz enerjiyə malik nəcib missiyasında, Vətənimizin rifahı naminə möhtəşəm fəaliyyətində uğurlar və tükənməz xalq sevgisi arzu edirəm.
Novruzəli Aslanov
Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti