Mehriban xanım Əliyevanın doğum günüdür. Sosial şəbəkələrə azacıq diqqət yetirmək kaifayət edir ki, xalqın öz Birinci vitse-prezidentinə bəslədiyi hörmətin, göstərdiyi ehtiramın şahidi olasan.
Mehriban xanımın xeyriyyəçilik əməlləri demək olar ki, respublikanın bütün əhalisinin dəstəyini alıb. Hələ 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğunun nəticələrinə görə o, "İlin qadını" adına layiq görülmüşdür.
2004-cü ildən onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkədə xalqın rifahının yaxşılaşdırılmasına, təhsilin və incəsənətin inkişafına yönəlmiş çoxsaylı layihələrin həyata keçirilməsinin səbəbkarına çevrilmişdir.
Mehriban xanımın bəşəri dəyərlərə söykənən xeyriyyəçilik konsepsiyası ölkəmizi sivilizasiyalararası dialoq səviyyəsinə yüksəltmiş, Azərbaycanın bu sahədə də nüfuzunu görünməmiş zirvəyə qaldırmışdır.
Heydər Əliyev Fondunun maliyyə və tikinti layihələrinin həyata keçirilməsi nəticəsində yüzlərlə uşaq bağçası, uşaq evləri, parklar, məktəblər, idman kompleksləri tikilmiş və yenidən qurulmuşdur.
Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Yeniləşən Azərbaycana yeni məktəblər", "Təhsilə dəstək", "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" və digər proqramlar təhsilin bütövlükdə inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanan "Yeniləşən Azərbaycana yeni məktəblər" proqramı çərçivəsində 500-ə qədər məktəb binası istifadəyə verilmişdir ki, hazırda bu məktəblərdə 100 mindən çox şagird təhsil alır. "Uşaq bağçalarının və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində isə 40-a qədər uşaq müəssisəsi əsaslı təmir olunmuşdur.
Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə xüsusi diqqəti son dərəcə mühüm layihələrdə öz əksini tapmışdır. Həyata keçirilən bu layihələrin müxtəlif perspektivləri təkcə Bakını deyil, regionları da əhatə etmişdir.
2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun zəngin və fədakar fəaliyyətinin, yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilir.
Mehriban Əliyevanın o vaxt dediyi sözləri xatırlayaq: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”.
Bu gün tam əminliklə söyləmək olar ki, yüksək dövlət vəzifəsində fəaliyyət göstərən Mehriban xanım Prezidentin də, ona inanan, ümid bəsləyən insanların da etimadını layiqincə doğruldur.
Mehriban Əliyeva Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərin də ehtiyaclarını daim diqqət mərkəzində saxlayır.
Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəni uğurla davam etdirir.
Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, ölkəmizin hüdudlarını aşaraq yaxın və uzaq xaricdə geniş əks-səda doğurur, etdiyi xeyirxahlıqlar müxtəlif ölkələr tərətindən qiymətləndirilir. Birinci xanımın aldığı mükafatların sayı çox olsa da, Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır. Mehriban xanımı yaşından, sosial təbəqəsindən asılı olmayaraq çoxminli vətəndaşların təbrik etməsi xalq sevgisinin ən gözəl təcəssümüdür. Hələ qarşıda Yeniləşən Azərbaycan naminə görüləcək çox işlər var. Bu şərəfli yolda xeyirxahlıq mücəssiməsi Mehriban xanıma uğurlar arzulayıram.
Məşhur Məmmədov,
Millət vəkili