Mərdəkanda Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni korpusunun açılışı olub

Sentyabr ayının 28-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni korpusunun açılışı keçirilmişdir.

DSX-dan Sabahinfo.az-a verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant C.Abdullayev çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini çatdırmış, hazırkı mərasimin ölkəmizin şanlı qalibiyyətinin, ərazi bütövlüyümüzün bərpa edildiyi 44 günlük Vətən mühari­bəsinin 1-ci ildönümü dövrünə təsadüf etməsi ilə əlamətdar olmasını vurğulamışdır.

Milli tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ermənistan üzərin­də parlaq qələbə qazandığı, torpaq­larımızın işğaldan azad edildiyi, üçrəngli zəfər bayrağımızın sərhədlərimiz boyunca dalğalandırıldığı, Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, sərhədçilərin qəhrəmanlıq və igidlik nümu­nələri göstərdikləri, qalibiyyət dastanı yazdıqları qeyd olunmuşdur.

Çıxışda Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, bilikli, savadlı, texnoloji yenilikləri mənim­səməyə və tətbiq etməyə qabil müasir dünyagörüşlü kadrların yetişdiril­məsində, fər­di xüsusiy­yətlərini, maraq və potensial imkanlarını nəzərə almaqla hər bir kursantın Döv­lət Sərhəd Xidmətinin Akademiyasında ali hərbi təhsil üçün hazırlanmasında Xüsusi Məktəbin böyük rolu vurğulanmışdır.

Heydər Əliyev Fondunun dəstəyi ilə 2011-ci ildə qurularaq fəaliyyətə başladığı dövrdən qısa müddət ərzində məktəbin ölkəmizdə böyük nüfuz qazandığı, tədris müəssisəsinin açılış mərasimində, eləcə də 2018-ci ildə ikinci korpusun istifadəyə verilməsi tədbirində Azərbaycan Respublika­sının birinci vitse-prezidenti Mehri­ban xanım Əliyevanın iştirak etməsinin ölkə rəhbərliyinin sərhəd mühafizəsi məsələlərinə növbəti ali qayğısının və diqqətinin təzahürü olduğu vurğulanmışdır.

Məktəbdə təhsil alan kursantların tədris, istirahət və təminat məsə­lələrinin daima diqqət mərkəzində saxlanıldığı, yeni korpusunun istifadəyə verilməsinin onların istirahəti, asudə vaxtının daha da faydalı keçirilməsi, fiziki, intellektual və yaradıcı məşğuliyyətləri üçün geniş imkanlar yaradacağı bildirilmişdir.

Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi cənab Cəmil Əliyev çıxış edərək məktəbin yeni korpusunun istifadəyə verilməsi, eləcə də tədris ilinin başlaması münasibətilə kursantları təbrik etmiş, onlara dərslərində müvəffəqqiyyətlər arzulamışdır.

Açılış mərasimindən sonra iştirakçılar yeni korpusda yaradılmış şəraitlə tanış olmuşlar. 5 mərtəbəli binada 600 nəfərlik yataqxana, müasir avadanlıqlarla təchiz edilmiş idman zalı, inzibati, xidməti və növbətçi otaqlar, şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi üçün istirahət otaqları mövcuddur. Kursantların dərsdən sonrakı fəaliyyətlərinin nəzarətdə saxlanılması üçün videomüşahidə sistemi tətbiq edilmiş, korpusun ərazisində əsaslı tikinti-abadlıq işləri aparılmış, geniş yaşıllıq salınmış, ağaclar əkilmiş, sıra meydanı yaradılmışdır. Tədbir iştirakçıları Xüsusi Məktəbin tədris korpusunda da mövcud imkanlarla, o cümlədən sinif otaqları, yeməkxana, idman zalı, futbol meydançası və su hovuzuna baxış keçirmişlər.

Tədbirin sonunda Xüsusi Məktəbin kollektivi ilə xatirə fotoşəkli çək­diril­mişdir.