Məzahir Əfəndiyevin məqaləsi Avropa mətbuatında

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa məbuatında, Avropa İttifaqının 27 ölkəsində izlənilən informasiya portalında 25 fevral 2025-ci il tarixində Xocalı soyqırımının 33 ildönümünə dair “People of Azerbaijan remember the Khojaly massacre and restored justice” adlı məqaləsi dərc olunub.

Məqalədə son 30 ildə torpaqlarımızın işğaldan azad olunmasına yönəlik fəaliyyətimizin 2020-ci ildə İkinci Qarabağ-Vətən Müharibəsindən sonra, 2023-cü ildə ərazi bütövlüyü, suverenliyimizin tam bərpa olunması ilə taclandığı və bu günə qədər Azərbaycan xalqına qarşı törədilmiş bütün vəhşiliklərin, soyqırımların qisasının alındığı, şəhidlərimizin qanının yerdə qalmadığı öz əksini tapıb.

Millət vəkili tarixdə Azərbaycan xalqına qarşı tutulmuş divanların, törədilmiş soyqırım aktlarının unudulmamalı olduğunu, bu faciələrin yeni, gənc, vətənpərvər ruhda yetişən nəsilə çatdırılmasında hərtərəfli fəaliyyət göstərilməli olduğu, tariximizin nəsildən-nəsilə ötürülərək xalqımızın belə faciələri yaşamasına bir daha yol verilməməsilə bağlı işlərə toxunub.

Burada isə əsas məqam bu il Azərbaycan xalqının ölkəmizə qarşı törədilmiş vəhşiliklərdən biri olan Xocalı soyqırımında həlak olan soydaşlarımızın əziz xatirəsini yad etməsidir. 33 il əvvəl, 1992-ci ilin fevral ayında törədilmiş soyqırım zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfərin qətlə yetirildiyi, 1275 sakin girov götürüldüyü, 150 nəfərin taleyinin isə bu günədək naməlum qalması, bütövlükdə Xocalı şəhərinin yerlə-yeksan edilməsi qeyd olunub.

Məqalədə, eyni zamanda, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, eləcə də bu soyqırımına obyektiv qiymətin verilməsi istiqamətində bu gün də davamlı addımların atıldığı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın öz əməyi ilə 2008-ci ildən etibarən "Xocalıya Ədalət" adlı beynəlxalq kampaniya çərçivəsində bu faciə barədə məlumatların beynəlxalq aləmdə geniş təbliğ olunması vurğulanıb.

Sonda M.Əfəndiyev məqalədə konstitusion suverenliyini tam təmin etmiş Azərbaycan Respublikası və qədirbilən Azərbaycan xalqının Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Konstitusiya və Suverenlik İli”ndə Xocalı soyqırımını, həlak olan insanlarımızın əziz xatirəsini dərin hüznlə yad etdiyini diqqətə çatdırıb.

Həmin məqalə ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz:

https://www.eureporter.co/azerbaijan/2025/02/25/people-of-azerbaijan-remember-the-khojaly-massacre-and-restored-justice/