Millət vəkilindən bayram təbriki

Bütün müsəlmanlar müqəddəs Qurban bayramına hazırlaşır.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.
İslam dininin ən vacib sayılan fərzlərindən biri Qurban bayramı adlanan dini mərasim müsəlmanlar arasında geniş yayılan ayinlərdəndir. Quranın müəyyən etdiyi dini tələblərdən biri, müsəlmanların riayət etdiyi ümumi mərasim olsa da, üç səmavi dinin- yəhudilik, xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir, çünki Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur Qurban ayinində.
Hər il hicri tarixi üzrə Zilhiccə ayının 10-da keçirilən Qurban bayramı böyük bayram (eyd əl-kəbir) adlanır.
Şəriətə görə, qurbanlıq heyvanın qüsuru olmamalı və onu kəsən bıçağa xüsusi qurban duası oxunmalıdır.
Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq durur.
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın.
Qurbanlığın şərtlərindən biri də odur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. Imkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir.
Ölkədə baş verən hadisələri analiz edib bu nəticəyə gəlmək olir ki, bu il ölkəmizdə Qurban Bayramı daha təmtəraqla qeyd olunacaq. 30 il ərzində istər torpağından didərgin düşmüş insanların torpaqları alındığı üçün kəsdiyi qurbanlar, istərsə də evlərinə sağ-salamat qayıtmış Müzəffər Ordumuzun qəhrəman əsgərləri üçün kəsilən qurbanlar müqəddəs bayramımıza rəng qataraq onu daha möhtəşəm edəcək. İşğaldan azad edilmiş ərazilərdə kəsilən qurbanlar bütün xalq adına kəsiləcək. İşğaldan azad olunmuş ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanması həm də iqtisadiyyatımızın dirçəldilməsidir. Orda tikintidə çalışan vərəndaşlar işlə təmin olunacaq, tikinti materialları biznesində canlanma yaradacaq. Arzu edirəm ölkədə işsiz vətəndaş qalmasın, hər kəsin sosial rifahı yaxşı olsun, hər ailə qapısında Qurban kəsəcək qədər imkana sahib olsun. Zamanla bu da olacaq. Azərbaycan xalqı səbrlə, müdrik liderinin arxasında sıx birləşərək bütün nailiyyətlərə nail olur. Bu dəfə hədəf pandemiya və müharibədən sonra ölkə iqtisadiyyatının dirçəldilməsi, işsizliyin aradan qaldırılmasıdır. Hər bir vətəndaşımızı, bütün müsəlman dünyasını Qurban Bayramı münasibətilə təbrik edir, bol ruzi, sağlam can, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək!

Məşhur Məmmədov,
Milli Məclisin deputatı