Millətimizin əbədi iftixarı

Tarixi faktlar göstərir ki, uzun illər ərzində əzəli Azərbaycan torpaqlarında – Qərbi Azərbaycanda, Qarabağ və ətraf rayonlarda yaşayan azərbaycanlılara qarşı düşmən tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti yürüdülüb, soydaşlarımız doğma yurdlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalıblar.

SSRİ-nin süqutundan dərhal sonra Ermənistan havadarlarının köməyi ilə Azərbaycana qarşı təcavüzkar müharibəyə başladı, nəticədə ölkəmizin ərazisinin, təqribən, beşdəbirini işğal etdi, zəbt olunan torpaqlarda və Ermənistanın öz ərazisində bir milyondan artıq azərbaycanlı etnik təmizlənməyə məruz qaldı. Bu təcavüz zamanı mülki azərbaycanlı əhaliyə qarşı insanlıq əleyhinə cinayətlər, o cümlədən, soyqırımı aktları törədildi.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın üzləşdiyi çətinliklər, xaos ölkəmizin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratmışdı. Digər tərəfdən, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması riski ilə üz-üzə qoymuşdu. Artıq bu reallıq özünü daha çox göstərməyə başlaması ilə yanaşı, ölkədaxili siyasi hərc-mərcliklərin kəskinləşməsi dövlətçiliyimizin əsaslarını laxlatmağa başlamışdı.

Məhz belə bir gərgin və böhranlı vəziyyətdə xalq öz doğru seçimini və qərarını verdi. Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi. Ulu öndər siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi. Heydər Əliyev 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək, inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı

Ulu öndərin siyasi varisi İlham Əliyev tarixi qələbə, zəfər müjdəsi ilə bu siyasəti uğurla davam etdirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ötən il sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

Bu qələbə elə bir siyasətin nəticəsidir ki, təkcə ordunun gücünə qazanılan zəfər deyildi. Çünki Azərbaycanla üz-üzə dayanan yalnız Ermənistan, onun ordusu və lobbisi deyildi. Azərbaycanla qarşı-qarşıya dayanan çox böyük qüvvələr və ölkələr vardı. Qazanılan zəfərdən sonra da biz onların havadarlarının verdiyi bəyanatların, mənfur qonşularımıza göstərdikləri təəssübkeşliyin şahidi olduq. Bunun üçün də Azərbaycanın ikinci bir orduya, gücə ehtiyacı var idi. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev idi. 44 gün ərzində xalqımız ölkə rəhbərinin dünyanın aparıcı informasiya vasitələrinə, televiziyalarına qətiyyət və əzmkarlıqla verdiyi müsahibələrinin şahidi oldu. Prezidentimizin bu müsahibələrdə verdiyi bəyanatlar Ermənistana, onun arxasında dayanan qüvvələrə qarşı yönəlmişdi. Bu bəyanatların hər birində qətiyyət, əzm, böyük iradə vardı.

Prezident İlham Əliyev “Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqlar mövzusu olmayıb və olmayacaq” deyərək, bütün beynəlxalq təzyiqlərin qarşısında məğrur, qətiyyət və dözümlə dayanaraq səbir və iradə nümayiş etdirərək, xalqının ona olan inam və dəstəyinə arxalanaraq tarixi adını, Qalib Sərkərdə adını xalqımızın qəlbinə və tarixinə əbədi həkk etdirdi. Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Bu məqamlarda ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir söz, hər bir fikir xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Prezident İlham Əliyevin xalqa müraciətlərində düşmən tərəfə ünvanladığı mesajlar bu gün əhalinin dilində əzbərə çevrilib. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər. Prezident İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi təqdir etdi.

Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi nəticəsində qazanılan bu zəfər millətimizin əbədi iftixarıdır. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirdi. Bütün dünya Azərbaycan xalqının heç vaxt məğlubiyyətlə barışmadığının və öz amalına qovuşduğunun şahidi oldu.

 

Səbail Bələdiyyəsinin sədri

Əliyev Hacı Nurəddin oğlu