“8 Noyabr -Zəfər Günü müasir Azərbaycan tarixində qəhrəmanlıq tarixi statusu alıb və əbədi yaşayacaq. Ermənistanın 30 illik işğalçılıq siyasətindən geri çəkilməməsi, sülh danışıqlarından yayınması, işğal etdiyi ərazilərdən dərhal çəkilməsi və Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini icra etməməsi, ATƏT-in Minsk Qrupu çərçivəsində 30 ilə yaxın davam edən sülh danışıqları prosesinin Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməməsi Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsini zəruri edirdi.
Dəfələrlə törədilən hərbi təxribatlar, işğal zonasından kənarda yerləşən ərazilərin atəşə tutulması, dinc sakinlərin qətlə yetirilməsi, Ermənistan tərəfindən bütün sərhəd boyu təşkil edilən hücumlar Azərbaycan xalqının səbrini tükəndirir, müharibəni qaçılmaz edirdi. 2016-cı ilin 4 günlük Aprel müharibəsi, 2020-ci ilin iyul ayında Tovuzda törədilən hərbi təxribarlar zamanı belə Azərbaycan sülh prosesinin pozulmaması üçün səbr və təmkin göstərdi. Lakin Ermənistan daha da azğınlaşır və təxribatlarını davam etdirirdi. Baş verən hakimiyyət dəyişikliyi də Ermənistanın işğalçılıq siyasətini dəyişdirmədi.
Azərbaycan dövlətinin və xalqının Ermənistanın işğalıyla heç bir zaman barışmayacağını bütün dünya bilirdi. Lakin nə beynəlxalq təşkilatlar, nə də himayədarları Ermənistanı sülh danışıqlarına məcbur edir, ona qarşı təzyiqlərdən istifadə edirdi. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistana, onun faşist xislətli rəhbərliyinə, eləcə də Ermənistanın havadarlarına xəbərdarlıq edərək, Azərbaycan torpaqlarının sülh yoluyla boşaldılmasını tələb edirdi”.
Bəyanatda vurğulanır ki, bu çağırışlara əməli addımlarla cavab verilməməsi Azərbaycana öz torpaqlarını hərbi yolla azad etməkdən başqa çıxış yolu qoymurdu:
“Ermənistan tərəfindən 27 sentyabr 2020-ci ildə növbəti dəfə Azərbaycana qarşı hərbi təxribat törədildi. Bu təxribata cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev əks-hücum əməliyyat ilə bağlı orduya əmr verdi. 27 sentyabr 2020-ci ildə başlayan əks-hücum - “Dəmir Yumruq” əməliyyatı bizə şərəfli bir gün olan 8 Noyabr- Zəfər Gününü qismət etdi. Prezident İlham Əliyevin qətiyyətli addımı və müharibəni qələbəyə qədər aparacağı ilə bağlı müraciəti Azərbaycanın daxilində vətəndaş və siyasi həmrəylik yaratdı. Siyasi düşüncəsindən, baxışından asılı olmayaraq hər kəs Prezidentin ətrafında birləşdi”.
Bəyanatda daha sonra qeyd olunur ki, Milli Cəbhə Partiyası da torpaqların azad edilməsi üçün başlayan Vətən müharibəsində hər zaman dövlətin yanında olaraq, bunu özünə şərəf borcu hesab edib:
“Digər rayon və kəndlərimizin, şəhərlərimizin azad edilməsindən sonra noyabrın 8-də Azərbaycan xalqı üçün rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşanın azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Noyabrın 10-da Ermənistan öz məğlubiyyətini etiraf etməyə və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan ordusunun qüdrətini görən Ermənistan buna görə də Ağdam, Kəlbəcər və Laçın rayonlarını kapitulyasiya aktının nəticələrinə görə boşaltdı”.
Milli Cəbhə Partiyası hesab edir ki, bu zəfər həm bölgədə, həm də dünyada sülhün bərqərar olmasına əvəzsiz töhfə verərək, region dövlətlərinin inkişafında mühüm rol oynayacaq:
“Habelə, Azərbaycanın bu haqq işində qardaş Türkiyə Cümhuriyyətinin siyasi dəstəyi problemin sona çatmasında həlledici rol oynadı. Milli Cəbhə Partiyası olaraq qələbəmizin təmin olunmasında əvəzsiz qəhrəmanlıq göstərən əsgər və zabitlərimizi, qazilərimizi, ümumilikdə bütün xalqımızı təbrik edərək canlarını Vətən yolunda əsirgəməyən şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bu, tarixi qələbədir. Son 200 ildə hər zaman torpaq itirən Azərbaycanın bu müharibədən qalib çıxması xalqımızın qəhrəmanlığının, mübarizliyinin gəstəricisidir. Azərbaycan xalqının bu qələbəsində Ali Baş Komandan olaraq Prezident İlham Əliyevin xüsusi yeri var və onun adı bu qələbənin əsas memarı olaraq tarixdə əbədi yaşayacaq. Elə buna görə də Milli Cəbhə Partiyası həm də Prezident İlham Əliyevi bu möhtəşəm bayram, 8 Noyabr- Zəfər Günü münasibətilə təbrik edir,cansağlığı və dövlət məsələlərində daha böyük nailiyyətlər arzulayır. Xalqımızın, dövlətimizin bu böyük və şanlı zəfəri mübarək olsun!”