Milli inkişafın və böyük Zəfərin müəllifi

Gəncə Avtomobil Zavodunda ilk avtomobilin konveyerdən çıxmasından 17 il ötür

 

Ötən il Vətən müharibəsində qazanılan möhtəşəm hərbi və siyasi Zəfər Azərbaycanın müstəqillik, eləcə də dövlətçilik tarixinin şanlı salnmanəsinə çevrildi. Bu qələbə ilk növbədə, xalqımızın Ulu Öndəri Heydər Əliyevin müəyyən etdiyi və bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasi kursun dövlətimizin və xalqımızın milli maraqlarını qətiyyətlə təmin etdiyini göstərdi.

 

İnkişafın təntənəsi

 

Bu zəfər həm də Azərbaycanın keçdiyi inkişaf yolunun təcəssümü oldu. Ulu Öndərin təməlini qoyduğu inkişaf siyasətini layiqincə davam etdirən, bu siyasəti müasir reallıqlara uyğun olaraq daha da zənginləşdirən möhtərəm İlham Əliyev Azərbaycanı iqtisadi baxımdan inkişaf etdirməklə, dövlətimizin maliyyə imkanlarını əhəmiyyətli dərəcədə artırmaqla həm də torpaqlarımızın azad edilməsi üçün münbit tarixi şəraitin formalaşdırılmasını təmin etdi. Beləliklə, Vətən müharibəsi həm də Azərbaycanın inkişafının təntənəsinə çevrildi.

Respublikamızın inkişafından bəhs edərkən iki məqamı xüsusən qeyd etməliyik. Bunlardan biri iqtisadiyyatın neftdən asılı olmayaraq inkişafı və sənayeləşmə, digəri isə regionların yüksəliş yoluna çıxarılmasıdır. Bu iki amil ötən 18 ildə Prezident İlham Əliyevin inkişaf strategiyasında prioritet istiqamətləri təşkil etmiş və ildən-ilə əldə edilən uğurların miqyasının artması ilə özünü daim doğrultmuşdur. Bu strategiyanın uğurla həyata keçirilməsi ötən 18 ildə Azərbaycanda iqtisadi inkişafı yeni mərhələyə qaldırmış, regionların yüksəlişini təmin etmiş, o cümlədən sənayeləşməni gücləndirmişdir.

Regionlarda hələ sosial-iqtisadi inkişafa dair ilk dövlət proqramının təsdiq olunduğu 2004-cü ildən bəri çoxsaylı iri sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Böyük strateji əhəmiyyətə malik sənaye müəssisələrindən biri də Gəncə Avtomobil Zavodudur.

 

24 dekabr 2004: zavodun tarixinin ən əlamətdar günü

 

Xatırladım ki, əsası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulan Gəncə Avtomobil Zavodunun tikintisinə 1986-cı ildə başlanmışdır. Həmin vaxt bu qərar Ermənistanda narazılıq və qısqanclıqla qarşılansa da, Ulu Öndər Heydər Əliyevin nüfuzu və möhkəm iradəsi sayəsində zavodun təməli Azərbaycanda, Gəncədə qoyuldu. Müəssisənin tikintisi 1989-cu ildə başa çatdırılmalı, 1990-cı ilin əvvəlindən isə artıq 1,5 tonluq yük avtomobillərinin istehsalına başlanmalı idi. Lakin sovetlər birliyinin dağılması nəticəsində zavodun tikintisi yarımçıq qaldı.

Regionların inkişafında başlanan yeni mərhələ və Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 2004-cü ilin dekabrında Gəncə Avtomobil Zavodu işə salındı. Həmin vaxt ilk olaraq Rusiyanın Naberejnıye Çelnı şəhərində yerləşən avtomobillərin istehsalı üzrə zavodla bağlanmış müqaviləyə əsasən “VAZ-11113”-“OKA” markalı avtomobillərin yığımına başlandı. 2004-cü il dekabr ayının 24-də  isə müəssisənin konveyerində yığılan ilk avtomobil hazır oldu və bu əlamətdar hadisə şəhər səviyyəsində təntənəli şəkildə qeyd edildi.

Zavodun birinci məhsulu Qarabağ müharibəsi, habelə Böyük Vətən müharibəsi iştirakçılarına - əlillərə və veteranlara təqdim olundu. Ölkənin müxtəlif bölgələrində yaşayan 120 nəfər bu kateqoriyadan olan şəxs Gəncə avtozavodunda yığılan “OKA” avtomobillərinə sahib oldular. Ümumilikdə isə  müəssisədə 314 “OKA” avtomobili istehsal olundu.

İlk addımlarını müvəffəqiyyətlə atan Gəncə Avtomobil Zavodu 2005-ci ildə “UAZ” ASC ilə imzalanan razılaşmaya əsasən Rusiyanın “UAZ” avtomobillərinin 10 modelinin yığımına başladı. Bir il müddətində 243 ədəd “UAZ” avtomobili yığılaraq istifadəyə verildi.

Gəncə Avtomobil Zavodu ilə 2005-ci ilin oktyabr ayında Çinin “Can Qan” şirkəti arasında müqavilə imzalandı. Bu sənədə əsasən müəssisədə 7 modeldə ortatonnajlı yük maşınlarının yığımına başlanıldı. Bir il müddətində ümumilikdə 68 “Can Qan” markalı avtomobil yığılaraq istifadəyə verildi.

 

Belarusla uğurlu əməkdaşlıq davam edir

 

2006-cı ildən müəssisənin həyatında yeni bir səhifə açıldı. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin oktyabrında Belarusa səfəri zamanı bu ölkənin traktor və avtomobil zavodları ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlığın yaradılması barədə Belarusun dövlət başçısı ilə razılığa gəlindi və həmin müəssisələrlə uzunmüddətli əməkdaşlıq müqaviləsi bağlanıldı. Müqaviləyə uyğun olaraq 2007-ci ilin mart ayında Belarusdan daxil olan komplektləşdiricilərin əsasında “Belarus” traktorlarının müxtəlif modellərinin istehsalına başlanıldı. Həmin ilin aprel ayından isə “MAZ” avtomobillərinin yığımı təşkil olundu. 2018-ci ilin aprelində müəssisədə onmininci traktor istehsal edildi. Bütövlükdə 2007-ci ildən etibarən bu zavodun bazasında 11 mindən artıq traktor, eləcə də məşhur Belarus brendlərinə aid 3,5 minə qədər digər texnikalar yığılıb.

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Belarus-Azərbaycan birgə iqtisadi əlaqələri çərçivəsində fəaliyyətini son illərdə xeyli genişləndirib. Belə ki, 2019-cu ildən Belarusun elektrik avtobuslarının və taxılyığan kombaynlarının Gəncədə birgə istehsal olunması barədə razılıq əldə olundu. Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişin üçün nəzərdə tutulan və 60 kilometr-saat sürətlə hərəkət edən elektrobusun akkumulyatoru enerjidoldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur. Gəncə Avtomobil Zavodu Azərbaycanın bütün şəhər və rayonlarını müasir nəqliyyat vasitələri olan elektrobuslarla təmin etmək gücündədir. Müəssisədə il ərzində 150 elektrobusun yığılması mümkündür. Əgər aidiyyəti qurumlardan sifarişlər olarsa, müəssisəmiz tələbata uyğun istənilən modeldə olan şəhərarası və şəhərlərarası avtobusların yığımını həyata keçirə bilər.

Hazırda Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Belarusun aparıcı maşınqayırma şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu il aprelin13-14-də Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakıya işgüzar səfəri zamanı bağlanılan ikitərəfli əməkdaşlıq sazişi çərçivəsində daha bir neçə rəsmi müqavilə imzalanıb ki, bu da müəssisəmizin istehsal həcminin artmasında xüsusi rol oynayacaq. Müqavilələrə əsasən, Gəncədə 1000 ədəd traktorun, BELAVTOMAZ Konserni ilə isə ağır tonnajlı avtomobilin yığılması təmin olunacaq.

Zavodda yeni müasir kombaynların yığılmasına da başlanılıb. Bu layihənin icrası Finlandiyanın tanınmış “Sampo” firması ilə əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Bu texnika Azərbaycan şəraitində özünü kifayət qədər doğrultmaqla fermerlərin marağına səbəb olacaq.

 

Cəbrayılda birgə servis mərkəzi yaradılır

 

Rusiya müəssisələri ilə də uğurlu əməkdaşlığımız davam edir.  Bağlanmış müqavilələrə əsasən artıq bir neçə ildir ki, “KamAZ” və “Ural” markalı yük maşınlarının da yığılması həyata keçirilir. “KamAZ” ASC-nin Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi ilə birgə layihəsinə 2014-cü ildə start verilib. Respublikamızda “KamAZ”ın ilk partiyası 2015-ci ildən satışa buraxılıb. Hazırda Gəncədə 8 model “KamAZ” avtomobillərinin  istehsalına nail olunub və indiyədək 1000-dən çox avtomobil istismara verilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızın işğaldan azad edilməsi kənd təsərrüfatı texnikasına, eləcə də digər texnikalara və texniki xidmətlərə tələbatı artırıb. Bu baxımdan Qarabağ bölgəsində yük avtomobilləri və kənd təsərrüfatı texnikaları üçün “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “KamAZ” ASC ilə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlinin qoyulması xüsusi əhəmiyyət daşıyır. Layihə bu ilin iyul ayında Rusiya şirkətlərinin nümayəndələrinin Azərbaycana işgüzar missiyası çərçivəsində Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi ilə “KamAZ” ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq həyata keçiriləcək.

Azərbaycanda aparılan tikinti-quruculuq işlərində, həmçinin kənd təsərrüfatında istifadə edilən maşın və texnikalara olan ehtiyacın ödənilməsində Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin fəaliyyəti önəmli rol oynayır. Xarici tərəfdaşlarla səmərəli əlaqələr qurulması nəticəsində zavod istehsal olunan maşın və texnikaların çeşidini ildən-ilə artırır.

17 il bundan öncə dövlətimizin başçısının qayğısı nəticəsində ərsəyə gətirilən Gəncə Avtomobil Zavodu hazırda həm istehsalına, həm də iqtisadi və maliyyə göstəricilərinə görə respublikamızda öndə gedən sənaye müəssisələrindən biridir. Bu illər ərzində cənab Prezident İlham Əliyevin diqqət və qayğısını üzərimizdə hiss edərək müəssisədə istehsal sahələrinin yüksələn xətlə genişləndirilməsinə nail olduq. Əgər 2004-cü ildə 80 işçi ilə işə başlamışdıqsa, bu gün onların sayı 600 nəfərdən çoxdur.

Möhtərəm Prezidentin müəssisənin fəaliyyətinə verdiyi yüksək qiymət irəliləməyimizə imkan vermişdir. Gəncə Avtomobil Zavodu bundan sonra da fəaliyyətini uğurla həyata keçirəcək, Azərbaycan maşınqayırma sənayesinə öz töhfələrini verməkdə davam edəcək.

 

Xanlar FƏTİYEV,

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri