Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev oktyabrın 12-də kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamızın üzvləri, məşqçilər, habelə tanınmış idmançılarla görüşüb.
İtaliyanın Yezolo şəhərində kikboksinq üzrə keçirilmiş WAKO uşaq, yeniyetmə və gənclər arasında dünya çempionatında əldə etdikləri qələbə və nailiyyətlər münasibətilə kikboksinqçiləri təbrik edən vitse-spiker idmançılarımıza yeni uğurlar arzu edib. O, bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim idman sahəsinə, idmançılara və onların məşqçilərinə xüsusi diqqət və qayğı ilə yanaşırlar. Məhz bu diqqət və qayğının sayəsində Azərbaycanda idman sahəsi çox inkişaf edib. İdmançılarımızın qazandığı uğurlar, idman yarışlarının ölkəmizdə ən yüksək səviyyədə təşkili Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb. Qeyd olunub ki, ölkəmizdə idmana və idmançılarımıza göstərilən diqqət idmançılarımızı yeni-yeni nailiyyətlərə, daha yüksək pillələrə qalxmağa ruhlandırır. İdmançılarımızın layiqli Azərbaycan vətəndaşları kimi yetişməsində, onların milli-mənəvi dəyərlərə bağlı şəkildə tərbiyəsində hər birimizin üzərinə mühüm vəzifələr düşür.