Milli Məclisin deputatı Məzahir Əfəndiyev növbəti vətəndaş qəbulunu keçirib

23 fevral 2023-cü il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev daxil olan müraciətlərə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında qanunun 18 maddəsini rəhbər tutaraq, habelə Parlamentin reqlamentlərinə uyğun olaraq əraziyə səfəri çərçivəsində növbəti vətəndaş qəbulunu keçirib.

Ağdaş rayon Tofiqi kəndində kənd ağsaqqalları, zəhmətkeşləri, şəhid ailələri, müharibə iştirakçılarının iştirakı ilə keçirilən qəbul zamanı seçicilərin çoxsaylı müraciətləri dinlənilib. Deputat müxtəlif mövzularda onları narahat edən problemləri diqqətə götürüb.

Qəbula gələn vətəndaşların görüş zamanı səsləndirdikləri problemlər sırasında əsasən pensiya, sosial müavinatlar, əlilliyin təmin edilməsi, məşğulluq səviyyəsinin yüksəldilməsi, eyni zamanda kəndin işıq, yol, içməli su təchizatı ilə bağlı məsələlər başlıca yer alıb.

Bir neçə məsələ yerli icra haikimiyyətinin nümayəndələrinin iştirakı ilə yerindəcə həllini tapıb. Millət vəkilinin səlahiyyətlərinə aid olan problemlər nəzarətə götürülüb və həlli üçün qanunvericilik çərçivəsində müvafiq addımlar atılacağı bildirilib, deputat sorğularının göndəriləcəyi, vətəndaşların problemlərinin həlli üçün aidiyyatı orqanlar qarşısında məsələlərin qaldırılacağı da qeyd olunub.

Qeyd edək ki, qəbulda 40-a yaxın seçici iştirak edib.