Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib - FOTOLAR

Mayın 27-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.

Sabahinfo.az xəbər verir ki, iclası açan komitə sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Komitə sədri bildirib ki, layihə birinci oxunuşda həm komitədə, həm də plenar iclasda geniş müzakirə olunaraq yekdilliklə qəbul edilib. O, qeyd edib ki, qanun layihəsinin əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması və tibb işçilərinin peşəkarlığının yüksəldilməsidir. Yeni mexanizmə əsasən, sertifikasiya imtahanlarına alternativ olaraq davamlı peşəkar inkişaf sistemi tətbiq ediləcək. Belə ki, tibb işçiləri beş il ərzində 250 kredit balı toplayaraq imtahandan azad olunacaqlar və peşəkar fəaliyyətlərini davam etdirə biləcəklər. Əhliman Əmiraslanov vurğulayıb ki, bu sistem dünyanın inkişaf etmiş ölkələrində uğurla tətbiq olunur və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilir. Qeyd edilib ki, bundan sonra yüksək ixtisaslı mütəxəssis statusunu yalnız rezidentura təhsili yolu ilə əldə etmək mümkün olacaq.

İclasda parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, yeni metodoloji yanaşma səhiyyə sahəsində son illərin ən mütərəqqi islahatlarından biridir. Sertifikasiyanın məqsədi tibb işçilərinin bilik və bacarıqlarının davamlı inkişafını təmin etməkdir. Sonra Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdir müavini Təranə Əhmədova çıxışında qeyd edib ki, ilkin mərhələdə imtahandan keçməyənlərin sayı artmayıb və uğursuz nəticə göstərənlərin əksəriyyəti üç ay ərzində təkrar imtahanla uğur qazanır. Onun sözlərinə görə, regionlarda kadr çatışmazlığı və maddi çətinliklər nəzərə alınaraq, sertifikasiyadan keçə bilməyən şəxslərin əməkhaqqı və iş yerləri altı ay müddətinə qorunacaq.

İclasda, həmçinin təkmilləşdirmə proqramlarının distant formada keçirilməsi, imtahan suallarının səviyyəyə görə kateqoriyalara bölünməsi və sual bazasının yenilənməsi məsələləri də müzakirə olunub. Qanun layihəsinin müzakirəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, komitənin üzvi Göydəniz Qəhrəmanov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, Səhiyyə komitəsinin üzvləri Rəşad Mahmudov, İlham Məmmədov, Məlahət İbrahimqızı və Müşfiq Məmmədli  çıxış edərək  məsələ ilə bağlı sual və təkliflərini səsləndiriblər. Qanun layihəsi ikinci oxunuşda  Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub. İclasda komitə üzvləri Günay Əfəndiyeva, Kəmaləddin Qafarov, Anatoliy Rafailov, Pərvanə Vəliyeva və digər rəsmi şəxslər iştirak ediblər.