1991-ci il oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya dövlət müstəqilliyinin bərpa edilməsi ilə bağlı məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Müstəqilliyinin ilk dönəmlərində zamanın sərt sınaqları qarşısında ağır və məşəqqətli günlərini yaşayan xalqımız qətiyyətli mövqe, birlik və iradə nümayiş etdirərək öz gələcək taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın israrlı çağırışı və təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyini əbədi, sarsılmaz və dönməz etməyi bacardı. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində ölkəmiz həqiqi müstəqilliyini Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra qazana bildi. Heydər Əliyevin müdrikliyi və zəngin dünyagörüşü, dərin siyasi bilikləri və böyük həyat təcrübəsi, yüksək intellekti, uzaqgörən siyasəti və idarəçilik bacarığı, torpağına, yurduna, milli dəyərlərinə sonsuz məhəbbəti Azərbaycanın dövlət müstəqilliyini sürükləndiyi uçurumdan, dəhşətli təhlükələrdən qurtardı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
O qeyd edib ki, Ümummilli Liderin yenilməz siyasi iradəsi və qətiyyəti nəticəsində qısa müddətdə Azərbaycanın səsi nüfuzlu beynəlxalq təşkilatların tribunalarında eşidildi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi, Azərbaycan xalqına həqiqi müstəqilliyin sevincini və firavanlığını yaşatdı.
“Vaxtilə Azərbaycana rəhbərlik etmiş adamlardan heç biri ölkədə gedən tarixi-siyasi proseslərin mahiyyətini, milli-mədəni münasibətlərin formalaşma qanunauyğunluqlarını və prinsiplərini Heydər Əliyev qədər dərindən duya və bu təməl üzərində ideologiya yarada bilməmişdi. Ulu Öndərin bu önəmli məsələyə münasibəti aydın və mükəmməl idi. “Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlıdır”, - deyən Azərbaycan liderinin milli ideologiya ilə aşılanmış müstəqillik strategiyası Azərbaycanın gələcək yolunu işıqlandıran gur və əbədi mayak olmuşdur.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan müstəqillik epoxasının başlanğıcında, bu mübarizənin həlledici anında özünü Vətəninin harayına yetirən qalib sərkərdə olaraq ölkəmizi gerçək fəlakətlərdən xilas etdi və Vətənimizə düşmən iradəsinə təslim olmamaq qüdrəti verdi. Böyük siyasətdə zirvəyə yüksəlmiş Ulu Öndər Azərbaycan ətrafında hörümçək toru kimi qurulmuş böyük bir riyakarlıq tələsini sındırdı və ölkəmizi bir daha çaşqınlıqlara uğramadan, yabançı təsirlərlə yolundan sapmadan özünəməxsus bir siyasi realizmə yönlətdi, müstəqil dövlət quruculuğuna start verdi. Bu, Azərbaycanın Heydər Əliyev potensialı idi. Heydər Əliyevin Azərbaycan potensialını oyatmaq, səfərbər etmək, istiqamətləndirmək, onu tükənməz yaradıcı enerjiyə çevirmək missiyasını şərəflə yerinə yetirməsi isə tarixin milli taleyimizə yazdığı ən böyük zəfər salnaməsidir”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, Heydər Əliyevin böyük siyasi məharəti ilə uzunmüddətli sabitləşmənin, milli və müstəqil dövlətçilik prinsiplərinin təməli yaradıldı, ölkəmizin daxili və xarici siyasəti bir-birini tamamlayan davamlı strateji məqsədlər üzərində quruldu. Müstəqil Azərbaycan tədricən özünə güclü, etibarlı dostlar qazandı, qlobal siyasi səhnədə bir sıra rəqib mövqeləri kifayət qədər neytrallaşdırdı. Bir sözlə, milli inkişaf yolunda sabit irəliləyiş və sıçrayışlı hərəkət üçün bütün ilkin zəruri şərtlər həyata keçirildi. Bu isə beynəlxalq arenada daha qətiyyətli manevrlər edə bilmək üçün əlverişli zəmin yaratdı.
“Heydər Əliyev müstəqilliklə bağlı öz sarsılmaz mövqeyini ən yüksək beynəlxalq kürsülərdən belə dilə gətirirdi: “Dövlət müstəqilliyinə nail olmaq Azərbaycan xalqı üçün tarixi hadisədir və o, öz dövlət müstəqilliyini qoruyub saxlamaq və möhkəmlətmək, Azərbaycanın hər hansı bir digər dövlətin hakimiyyəti və tabeliyi altında bir daha olmaması üçün bu müstəqilliyin pozulmasına yol verməmək əzmindədir”.
Həyatı və mübarizəsi bütünlüklə öz xalqının müstəqil yaşamı, milli mövqe və mənafeyi ilə bağlı olan Heydər Əliyev Azərbaycanı dünyanın mütərəqqi siyasi maraqlarının ön cinahına çevirdi. Müstəqil Azərbaycanı qurmaq, onu dünya düzəninə layiq olduğu səviyyədə çıxarmaq Heydər Əliyevin siyasi fəaliyyətində yeni bir mübarizə meydanı açdı. Yetmiş yaşlı Ulu Öndər tükənməz bir gənclik enerjisi ilə Azərbaycanı yenidən yaratmağın böyük yoluna başladı.
1990-1993-cü illərdə SSRİ-dən yenicə ayrılmış bu ölkə Qafqazın siyasi coğrafiyasında müxtəlif qlobal və regional güclərin qarşıdurmasını tənzimləyə bilmir, hədəflərini itirərək tez-tez bu və ya digər qüvvənin təsiri altında çaşqınlığa uğrayır və hər addımında bir qədər daha çox itkiyə məruz qalırdı.
Heydər Əliyev Azərbaycanı “yedək siyasətinin” əlindən aldı və onu müstəqil siyasəti olan bir dövlətə çevirdi. O, Azərbaycanın siyasi iradəsindən asılı olmayaraq dünyada cərəyan edən prosesləri məhz Azərbaycanın xeyrinə, ölkəmizin siyasi-iqtisadi maraqlarının mütləq nəzərə alındığı istiqamətə yönəltməyi bacardı. Heydər Əliyev öz milli siyasətinin əsas istiqamətini ölkəmizin ən çətin günlərində də məhz belə bir qətiyyət və əminliklə bəyan etmişdi: “Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır. Bu da bir Prezident kimi mənim siyasətimin əsas ana xəttidir”. Dövlət suverenliyi və müstəqilliyi uğrunda mübarizənin bütün məsuliyyətini çiyinlərinə almış Ulu Öndər ölkəsinin vətəndaşlarını bu amal ətrafında birləşdirərək, onların güclü milli birliyini yaratmağa nail oldu.
Heydər Əliyevin siyasi kursu Azərbaycan və dünya inkişafının koordinatlarını beynəlxalq siyasətin qanunauyğunluqlarına müvafiq şəkildə birləşdirə bildi və məhz onun nəticəsində Azərbaycan bu gün yeni dünya nizamında bu mütərəqqi istiqaməti qüvvətləndirən bir demokratik ölkə statusunda öz mövqeyini daha sabit və daha dayanıqlı nümayiş etdirir.
Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini dönməz və daimi prosesə çevirən qüdrətli dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi böyük siyasəti – milli müstəqillik strategiyasını bu gün Prezident İlham Əliyev əzmkarlıqla davam etdirir. Dövlətimizin başçısının diplomatiyası və qətiyyəti sayəsində əldə edilən tarixi uğurlar dövlətçiliyimizin təməllərini daha da möhkəmləndirir və dövlətimizin beynəlxalq nüfuzunu daha da yüksəldir”, - deyə deputat vurğulayıb.