Müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunan 20 Yanvar faciəsindən 34 il ötür. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Ermənistan SSR-nin respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı.
Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən cinayətə əl atdı. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19 dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı. Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.
Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdi.
Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.
Ulu Öndər Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.
1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verməsinə baxmayaraq, onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. 20 Yanvar şəhidləri hansı cəsarətlə Vətənimizin müdafiəsinə qalxmışdılarsa Vətən müharibəsinin şəhid və qaziləri başda olmaqla bütün döyüşçülərimiz də eyni ruh yüksəkliyi ilə torpaqlarımızı işğaldan azad etdilər. Bəli, Vətən müharibəsinin şəhidləri canları və qanları bahasına 20 Yanvar şəhidlərinin yürüdüyü azadlıq yolunu əzmlə qət edərək Vətənimizi bütövləşdirdilər. Hər biri şəhadət zirvəsinə yüksəlməyi özünə amal seçən Azərbaycan Ordusunun getdiyi yolda yalnız bir nəticə ola bilərdi: Böyük Zəfər. Şükürlər olsun ki, bu böyük zəfəri Ali Baş Komandanın rəhbərliyi altında Qəhrəman Ordumuz bizlərə nəsib etdi.
Axundov Asif Əbülfəz oğlu. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı