Dinamik inkişafına görə bir çox dövlətləri üstələyən Azərbaycanda bu gün aparılan məqsədyönlü daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq ölkəmiz dünya dövlətləri arasında yerini daha da möhkəmləndirir. Azərbaycanın coxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də ərəb dövlətləri ilə əlaqələr təşkil edir.
Azərbaycan bir çox dünya dövlətləri ilə yanaşı, Misir Ərəb Respublikası ilə də yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Belə ki, iki ölkə Prezidentinin qarşılıqlı səfərləri Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək.
Əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib.
Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da dəstəkləyir.
Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var.
Bu ilin iyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfərinin siyasi əhəmiyyəti və tarixi məqam nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir. Bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına, uğurlu perspektivinə ciddi töhfə verəcəyinə şübhə yoxdur. Qahirədə dövlət başçılarının görüşlərinin nəticəsi olaraq imzalanan sənədlər Azərbaycan və Misir arasında çoxspektrli əməkdaşlığın dərinləşdirilməsi üçün zəruri hüquqi bazanı daha da təkmilləşdirəcək, beynəlxalq platformalarda bundan sonra da onların vahid mövqedən çıxış etmələrinə möhkəm zəmin yaradacaq.
Prezident İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək. Bu əməkdaşlıq dünyada islamofobiya meyllərinin gücləndiyi indiki dövrdə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan beynəlxalq miqyasda özünü göstərən dini, irqi ayrı-seçkilik kimi zərərli tendensiyalara qarşı fəal mübarizə aparır. İslam həmrəyliyi prinsipini rəhbər tutan Azərbaycan bu məqsədlə ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Bu kontekstdən yanaşanda Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində Misirlə münasibətləri xüsusi əhəmiyyətə malikdir.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı