Möhkəm təməllər üzərində qurulan Azərbaycan-Tacikistan münasibətləri

 Prezident İlham Əliyevin Düşənbə səfəri çərçivəsində imzalanan çoxlu sənədlər Azərbaycan-Tacikistan münasibətlərinin inkişafını daha da sürətləndirəcək

Azərbaycan və tacik xalqlarının qarşılıqlı dostluq münasibətləri qədim tarixə söykənir. Xoş ənənələr üzərində qurulan bu münasibətlər müasir dövürdə də davam etməkdədir. Azərbaycan və Tacikistanın ortaq tarixi keçmişləri bir də postsovet ölkələri olması ilə də bağlıdır. Müasir dövürdə də dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf etməkdədir. Bu gün hər iki dövlətin rəhbəri bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin 5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri zamanı keçirilən görüşlər, aparılan müzakirələr iki dövlət arasında münasibətlərin güclənməsi üçün çox böyük perspektiv imkanlar yaradıb. Səfər şərçivəsində Düşənbədə Prezident İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Hər iki görüşdə Azərbaycan-Tacikistan münasibətlərinin aktual məsələlərini ətraflı müzakirə etmək və yeni artım nöqtələrini müəyyənləşdirmək üçün yaxşı fürsətin yarandığı qeyd olunub. Bu görüşlərdə həm ticari-iqtisadi sahədə, nəqliyyat-logistika sahəsində, həm də investisiya siyasəti sahəsində çox böyük perspektivləri ətraflı müzakirə edilib. Qeyd edək ki, görüşlər başa çatdıqdan sonra iki dövlət arasında sənədlərin imzalanması mərasimi olub. Bura Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, hüquq mühafizə, gömrük, maliyyə, terrorçuluğun müəyyənləşdirilməsi, kənd təsərrüfatı, siyasət, investisiya, mədəniyyət, sahibkarlıq, turizm və s. sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair sənədlər daxildir. İmzalanan sənədlərdən biri də “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”dur. Ümumi olaraq 2025-ci ilədək Azərbaycanla Tacikistan arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı hazılanacaq.

 Səndlər imzalandıqdan sonra Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında iki ölkə arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafından danışaraq, bunun 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsi olduğunu qeyd edib: “Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Bizim bugünkü uğurlu inkişafımız göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər”.

Prezident İlham Əliyevin Düşənbə səfəri Azərbaycanla Tacikistanın həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığının hərtərəfli genişlənməsinə geniş imkanlar yaradacaq. Bunu iki dövlət arasında imzalanan sənədlər də bir daha təsdiqləyir. Çünki bu sənədlər dövlətlərarası münasibətlərin gündəliyini keyfiyyətcə yeni məzmunla zənginləşdirəcək. Cənab Prezidentin qeyd etdiyi kimi, səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq: “Hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılıq əldə olunub. Hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilmiş bütün tapşırıqlar yerinə yetiriləcək”.

Azərbaycan-Tacikistan münasibətlərinin inkişafı geniş spektr üzrə ardıcıl surətdə inkişaf edir. 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlər möhkəm qardaşlıq və dostluq təməlləri üzərində qurulub. Prezident İlham Əliyevin bu dövlət səfəri çərçivəsində qəbul edilən yeni qərarlar və imzalanan çoxlu sənədlər iki dövlət arasında münasibətlərin inkişafını daha da sürətləndirəcək.

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi