Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və müdrik xarici siyasət nəticəsində ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin milli maraqlarının qorunmasına hesablanmış bu müdrik xarici siyasətin nəticəsidir ki, dünyanın bir çox ölkələri Azərbaycanla əməkdaşlıq etməyə, müttəfiqlik münasibətləri qurmağa can atır. Dünyada ölkələr arasında münasibətlərin pisləşdiyi, qarşıdurma meyillərinin artdığı bir dövrdə Azərbaycan Prezidentinin dünyanın ən güclü dövlətlərindən biri olan Rusiyaya işgüzar səfəri, rusiyalı həmkarı Vladimir Putinlə görüşdə səslənən bəaynatlar İlham Əliyevin siyasi-diplomatik bacarığının göstəricisdir.
Mühüm məqam isə ondan ibarətdir ki, hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını qəbul edir və münasibətləri bu əsasda qurur. Eyni zamanda, hər iki dövlət bir-birinin daxili işinə qarışmamaq, bərabərhüquqlu münasibətlər saxlamaq xəttinə sadiqdir. Bu isə olduqca vacibdir.
Hər iki prezidentin görüşdə səsləndirdikləri fikirlərə nəzər salsaq görərik ki, dövlət başçıları bərabərhüquqlu münasibətlərdən razıdırlar və bu münasibətlərin gələcəkdə daha da güclənməsi ilə bağlı həmfikirdirlər. Bu münasibətlərin uğurlu tarixi keçmişi olduğu kimi, gələcək planlarla bağlı da sistemli yanaşma mövcuddur. İkincisi, görüş regionda məsələlərə birbaşa təsir göstərə biləcək dövlətin Azərbaycan olduğunu bir daha nümayiş etdirdi.
Moskva görüşündən bir daha aydın oldu ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər adi münasibət deyil və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bunu dövlət başçılarının çıxışlarından da aydın görmək mümkündür. Ən əsası isə prezidentlərin bu münasibətlərin daha da inkişafı üçün ciddi planları var. Bu planlar hər iki dövlətin strateji maraqlarına və xalqların həyat səviyyəsinin yüksəlməsinə yönəlib. Daha bir mühüm amil prezidentlər arasındakı şəxsi dostluq və səmimi münasibətlərdir.
Dövlət başçısı səfər çərçivəsində həmçinin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında xüsusi qonaq qismində iştirak etdi və qeyd olunduğu kimi Bakı və İrəvanla dayanıqlı sülhün əldə olunması istiqamətində nəzərdə tutulmuş görüşdə Azərbaycan prezidenti daha bir diplomatik uğura imza atdı, beynəlxalq hüququ və qanunları Ermənistanın baş nazirinə anlatdı, başa saldı.
Bu gün Bakı və Moskva 2020-ci il 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir. Nəzərə alsaq ki, bu razılaşma həmçinin bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur. Bu, o deməkdir ki, Rusiya da təkcə dəmiryolu deyil, həm də paralel şəkildə avtomobil nəqliyyatının hərəkətini nəzərdə tutan Zəngəzur dəhlizinin açıqlamasında maraqlıdır. Bununla yanaşı, Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizinin reallaşması ideyası Rusiya tərəfindən də dəstəklənmiş oldu. Azərbaycanın regiona davamlı sülh vəd edən təşəbbüslərinə qarşı Ermənistan hər hansı alternativ təqdim edə bilmədi, Bakının arqumentlərinin tam əsaslı olduğu Ali Avrasiya İqtisadi Şurasının iclasında da təsdiqləndi. Bununla da həm Ermənistana, həm də bütün dünyaya bir daha mesajlar verildi ki, Azərbaycan müstəqil mövqeyindən və milli maraqlarından bir addım geri çəkilməyəcək, ardıcıl olaraq bu mövqelərini müdafiə edəcək.
Beləliklə, Moskvada keçirilən son görüşdə Azərbaycan iddialarını tam şəkildə təmin etmiş tərəf oldu. Ermənistan tərəfi də anlamalıdır ki, Azərbaycanın bütün səyləri sülhə hesablanıb və bu, ən optimal çıxış yoludur. Artıq mənasız xəyallardan əl çəkməyin vaxtıdır, yeni reallıqları qəbul etmək lazımdır.
Anar Məmmədov,
Milli Məclisin deputatı