Moskvanın ən yaxşı stomatoloq-cərrahlarının siyahısına azərbaycanlı başçılıq edib

Azərbaycanlı həkim 2024-cü ildə Moskvanın ən yaxşı stomatoloq-cərrahlarının reytinqi siyahısına başçılıq edib.

AZƏRTAC xəbər verir ki, “Komsomolskaya Pravda” nəşri 2024-cü ildə Moskvanın ən yaxşı 10 stomatoloq-cərrahının reytinqini dərc edib.

Reytinq aşağıdakı parametrlərə əsaslanır: iş stajı, həkimin təcrübəsi və ixtisası, diaqnoz və müalicə üsulları, xəstələrin qiymətləndirilməsi və rəyləri, xidmətlərin qiymətləri, mütəxəssisin müayinə olunduğu klinikanın infrastrukturu.

Bu siyahıda birinci yeri stomatoloq-cərrah, Moskvadakı “Estet” stomatoloji klinikalar şəbəkəsinin baş həkimi Sabit Əliyev tutub. Həmyerlimiz 20 ildən artıq təcrübəyə malik implant cərrahıdır. O, Frankfurt Universitetinin diş implantasiyası üzrə məzunu, A-2 implantları üzrə ekspertdir.

Sabit Əliyev implantasiyada mürəkkəb klinik hallar sahəsində mütəxəssisdir. O, tez-tez federal mediada, habelə Rusiyada keçirilən stomatoloji konfrans və simpoziumlarda ekspert və məruzəçi qismində çıxışlar edir.

Sabit Əliyev həm də yazıçıdır. O, Yazıçılar Birliyinin və Rusiya Peşəkar Yazıçılar İttifaqının üzvü, 17 kitabın müəllifidir. 2021-ci ildə onun “Mənim evim Şuşa” adlı kitabı Rusiyada nəşr olunub.