Müdrik siyasət və mükəmməl diplomatiya

 Bu gün Azərbaycanın yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq ölkəmiz yeni mərhələni yaşayır. Azərbaycanın öz suverenliyinin bərpası, Qarabağın azad olunması, eləcə də Qarabağdan separatizmin təmizlənməsi yeni imkanlar yaratmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi.

 Yeni tarixi reallıq və yeni tarixi mərhələ dövründə yaşayan müstəqil Azərbaycanın 30 illik tarixində baş verən proseslərdən Zəfərlə çıxmasının görünməyən tərəfləri var və bu məqam da hamı üçün maraqlıdır. Azərbaycanın 30 illik bir dönəmi qələbə ilə başa vurmasının əsas səbəblərindən biri və birincisi düzgün siyasi strategiyanın seçilməsi və xalqın dəstəyidir.

 Cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibə verən Ölkə başçısı cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan xalqının düzgün seçim etməsi və Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə dəstək verilməsi məhz bu nəticələrdə xüsusi rola malik olduğunu vurğulayaraq qeyd etmişdir: “Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi”.

 Danılmaz faktdır ki, Azərbaycanın son bir neçə ildə qazandığı möhtəşəm uğurların təməlində müdrik siyasət və mükəmməl diplomatiya dayanır. Elə Cənubi Qafqazdakı sülh prosesinin davamı baxımından, yeganə variant kimi Azərbaycan və Ermənistan arasında birbaşa – ikitərəfli təmaslara zərurət yaranması da diplomatiyamızın kəsərinin göstəricisidir.

 Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. “Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin son nidası idi”, - deyə dövlət başçısı bildirib.

 Müsahibə zamanı son zamanlarda Fransanın Azərbaycana qarşı mənfi münasibətinin səbəblərinə dair sualı cavalnadıran Ölkə başçısı cənab İlham Əliyev təkcə Fransaya yox, elə onların müdafiə etdikləri, havadar çıxdıqları ermənilərə, həmçinin digər ermənipərəst qüvvələrə də qətiyyətli cavab verdi: “Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı - qətnamələrin qəbul edilməsi cəhdləri, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələbi. Zənnimcə, ən azı 5 dəfə bu cür cəhdlər edildi və onların hamısı tam uğursuzluqla nəticələndi, çünki ölkələrin əksəriyyəti bizi dəstəklədi və bu qətnaməni qəbul etdirmək üçün onlar dövlətlərin zəruri sayını toplaya bilmədilər. Bu, əlbəttə, onlar üçün çox güclü siyasi zərbə idi, çünki biz belə desək, onlara öz meydançalarında qalib gəldik”.

 Hazırda Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdıran Ölkə rəhbəri bildirmişdir: “Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırıb. Avropa İttifaqının Enerji Komissiyası isə Azərbaycanı Panavropa qaz təchizatçısı adlandırmışdır və onlar tam haqlıdır. Bizim Avropa məkanına göndərdiyimiz qazın həcmi çox da olmasa, təqribən 12 milyard kubmetrə yaxındır. Amma ölkələrin əhatəsi məhz o ifadəni tamamilə haqlı edir”.

 Beləliklə, Azərbaycan dövlətinin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizənin əsas Lideri kimi yeni bir tarix yazan Ölkə Prezidenti cənab İlham Əliyev bir daha qətiyyətli mövqe ortaya qoyaraq bundan sonra da imperializmə və neokololonializmə qarşı mübarizənin davam etdiriləcəyini, ölkəmizin daim haqlının yanında olacağını bildirmiş, qarşıda bizi gözləyən yeni hədəflərin istiqamətini göstərmişdir.

 

Arzu Daşdəmirov - ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, əməkdar müəllim