Müəllimlərin sertifikatlaşdırılması imtahanında sualın biri səhv çıxıb, namizədlərə əlavə bal yazılıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin birinci sessiyasında təqdim olunan 30 nömrəli sual ilə bağlı müraciətlər daxil olub və araşdırılıb:
"Avqustun 31-də ibtidai sinif müəllimləri üçün keçirilən sertifikatlaşdırma imtahanında təqdim olunan 30-cu test tapşırığının şərti doğru olsa da, düz cavab variantının yazılışında texniki xəta olduğundan iştirakçılar arasında çaşqınlığın yarana biləcəyi müəyyən edilib. Bu səbəbdən 30-cu sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir və namizədlərə həmin sual üzrə 1 bal olunmaqla hesablanır. Bütün test imtahanları tamamlandıqdan iştirakçılar şəxsi səhifələrində yekun nəticələrlə tanış ola bilərlər".