İkinci Qarabağ müharibəsi Ermənistan, Azərbaycan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla sona çatıb. Bu sənəd müharibəni dayandırmaqla yanaşı, Yerevanla Bakı arasında ciddi problemlərin həllinin təməlini də qoyub. Buraya bir zamanlar işğal altında olmuş ərazilərin (Ağdam, Kəlbəcər və Laçın) azad edilməsi, regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyaların açılması da daxildir. Bu Bəyanat münaqişəyə nöqtə qoymuş bir sənəddir.
Hesab edirəm ki, tərəflər arasında imzalanmış bəyanat uzun illər müharibənin fəlakətlərə səbəb olduğu Cənubi Qafqazın tarixində yeni dövrün başlanğıc olacaqdır. "Altılı əməkdaşlıq platforması'', Zəngəzur dəhlizinin yaradılması kimi yeni əməkdaşlıq təşəbbüsləri də bunun təsdiqidir. Zəngəzur dəhlizi təkcə Ermənistanla Azərbaycanı birləşdirməyəcək, həm də Cənubi Qafqazın region olaraq mövqeyini gücləndirəcək. Üstəlik, bu dəhliz müxtəlif coğrafi və geosiyasi bölgələr arasında qarşılıqlı əlaqəni təmin edəcək.
Regionda sülh və əməkdaşlıq bir-biri ilə kəsişir və sülh olmadan əməkdaşlıq etmək mümkün deyil: 10 noyabrda üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində çox praqmatik addımlar atıb. Gürcüstanın qaz kəmərlərində çətin vəziyyət yarandığı zaman Ermənistanın Rusiya qazlı ilə təmin olunması üçün Azərbaycan öz tranzit imkanlarını təqdim edib. Bu, son onilliklər ərzində ilk dəfə baş verirdi.
Ermənistanın Azərbaycan ərazilərini işğalına son verilməsindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün fürsət yaranıb: Çünki ortada işğal faktı yoxdur. Ölkələrdən birinin digərinin ərazisini işğal etdiyi bir vaxtda münasibətlərin normallaşdırılmasından danışmaq mümkün deyildi.
Üçtərəfli razılaşma əsasında təsis edilmiş Azərbaycan, Ermənistan və Rusiya Federasiyanın baş nazir müavinlərinin rəhbərliyi ilə fəaliyyət göstərən hökümətlərarası komissiyanın işində Azərbaycan aktiv şəkildə iştirak edir.
.Ermənistan Azərbaycan ərazilərini narkotik trafiki, çirkli pulların yuyulması, silah alveri üçün platformaya çevirmişdi. Azərbaycanın İranla 130 kilometrlik dövlət sərhədi nəzarətsiz qalmışdır. İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutuna son qoyulub. Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 il ərzində bu ərazilərdə bütün infrastruktur, mədəniyyət, dini obyektlər, vətəndaşlara və dövlətə məxsus mülklər dağıdılıb, təbii sərvətə ölçüyəgəlməz zərər vurulub.
Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulmuşdur. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb.
Əfsuslar olsun ki, bu abidələrin dağıdılaraq məhv edilməsi nəticəsində Azərbaycan xalqına dəymiş mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün deyildir. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi.
Əminə Ağazadə
Milli Məclisin deputatı