Münasibətlərimizin yeni dövrü

“Azərbaycanın son otuz ildə xarici siyasət prioritetləri praktiki olaraq dəyişməyib. Ərazi bütövlüyünün bərpası, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, möhkəm regional iqtisadi tərəfdaşlıqların inkişafı, eləcə də çoxtərəfli siyasət ölkənin xarici siyasət strategiyasında prioritet olaraq qalır. Bu mənada rəsmi Bakının Afrika ölkələri ilə münasibətlərinin inkişafına xüsusi diqqət yetirməsi siyasi konyukturun yox, ardıcıl və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. Şərq və Qərb arasında yerləşməsinə baxmayaraq, Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına maraq göstərir, gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açır.

Uzun illər Qərbin amansız istismarına məruz qalan “Qara qitə” ölkələrinin “soyuq müharibə”nin başa çatmasından sonra geosiyasi arenada çəkisinin artması Bakının kontinentlə siyasi-iqtisadi əlaqələrin yaradılmasına və inkişaf etdirilməsinə təkan verir. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana tarixi səfəri bunun sübutu idi.”

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, bu səfərin Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələrinin əsasını qoyacağına inam böyükdür. Münasibətlərimizin təməlini qoyan və çox önəmli, eyni zamanda, sanballı bir sənəd kimi qiymətləndirilən Əməkdaşlıq haqqında Bəyannamə iki ölkənin gələcək fəaliyyətinin perspektivlərini müəyyən edəcək və inkişafa təkan verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr 2011-ci ildə qurulsa da, tərəflər arasında sıx siyasi-iqtisadi münasibətlər yaradılmayıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməyə başlamasından sonra diplomatik təmasların tempində canlanma müşahidə edilib. Məlumat üçün bildirim ki, Konqo Demokratik Respublikasının Baş nazirinin müavini, Xarici İşlər naziri Leonard Şe Okitunda 2018-ci ilin 4-6 aprel tarixlərində Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olub. İndi hər iki ölkə mövcud potensiallardan istifadə edərək, ikitərəfli əlaqələri inkişaf etdirmək istəyirlər.

Bunun üçün zəruri şərait də var. Neft və enerji, təbii ehtiyatlar, ictimai xidmətlər sektoru, təhsil, turizm, humanitar elmlər və digər sahələrdə tərəflər sıx əməkdaşlıq münasibətləri yarada bilərlər. Qeyd etmək yerinə düşər ki, Konqo Demokratik Respublikası Afrika qitəsinin əsas oyunçusudur. Sahara bölgəsində ən yüksək artım templərindən birinə malik Konqo Afrikanın ikinci ən böyük ölkəsi və ən çox əhalisi olan üçüncü ölkədir. Təbii ehtiyatları və demoqrafik potensialı sayəsində Konqo bir sıra iqtisadi üstünlüklərə malikdir. Ölkənin istifadə olunmamış mineral və metal ehtiyatları təqribən 24 trilyon dollar dəyərində qiymətləndirilir. Bundan başqa, Konqo Afrika qitəsinin bütün meşə örtüyünün 50 faizini təşkil edir. Onun hidroelektrik potensialı bütün Afrikanı enerji ilə təmin etmək üçün kifayətdir. Elektronikada, maqnit avadanlıqlarında və reaktiv mühərriklərdə geniş istifadə olunan kobalt ehtiyatlarının 80 faizi məhz Konqodadır.

Göründüyü kimi, Konqo əlverişli coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malikdir. Ancaq uzun illər bu sərvətlər avropalılar tərəfindən amansızcasına istimar edilib. Konqo öncə Portuqaliyanın (XV), sonra Belçikanın (XİX) müstəmləkə zülmünə məruz qalıb. Bu gün Afrika ölkələri hegemonluğa, müəyyən dövlətlərin hökmranlığına, təbii sərvətlərin istismarına qarşı çıxır. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə bu məsələyə toxunaraq bildirdi ki, indiki gərgin dövrdə sülhpərvər dövlətlərin ümumi fəaliyyəti, bu kimi neqativ addımlara qarşı birgə mübarizəsi çox vacibdir. Konqo lideri xüsusilə vurğuladı ki, ölkələrimiz istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər beynəlxalq təşkilatlarda təzyiqlərə, ikili standartalara qarşı birlikdə mübarizə aparacaq.

Prezident İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxışında neomüstəmləkəçilik siyasətinə toxunaraq qeyd etdi ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın prioritetləri içində neokolonializmə qarşı mübarizə məsələləri durur. Prezident İlham Əliyev Azərbaycanda Bakı Təşəbbüs Qrupunun yaradıldığını xatırladaraq diqqətə çatdırdı ki, bu gün dünya miqyasında böyük hörmətə malik olan bu qurumun nəticələri göz qabağındadır. Bəli, Azərbaycanın təşəbbüsü ilə yaradılan bu qrup beynəlxalq aləmdə öz sözünü deyən quruma çevrilib. Azərbaycan lideri iqtisadi əlaqələrin perspektivindən də danışaraq nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verildiyini, ölkəmizin Konqoda bir çox investisiya layihələrində, ilk növbədə, kənd təsərrüfatı sahəsinə sərmayə yatıracağını açıqladı. Eyni zamanda, ölkəmizin zəngin mədənçilik təcrübəsi var və neft-qaz sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet sahələrdən biri ola bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var.

Mühüm dövlətlərarası sənədlərin imzalanması və müvafiq göstərişlərin verilməsi belə deməyə əsas verir ki, yaxın aylarda Azərbaycan və Konqo arasında təmaslar intensivləşəcək. Deputat sonda qeyd edib ki, çoxvektorlu xarici siyasət yürüdən Azərbaycan Afrika ölkələri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu baxımdan Konqo ilə dost əlaqələrin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident Deni Sassu-Nqessonun Azərbaycana tarixi səfəri ikitərəfli əməkdaşlığın səhifəsini açdı. Şübhə yoxdur ki, ölkələrin dost əlaqələr qurmaq istəyi bu əməkdaşlıq səhifəsini dolğun, hər iki xalqın mənafeyinə uyğun siyasi-iqtisadi, eləcə də humanitar layihələrin reallaşdırılması ilə zənginləşdirəcək.