Münxen Təhlükəsizlik Konfransı da Azərbaycan diplomatiyasının uğuru ilə tarixləşdi

İkinci Qarabağ müharibəsindən sonra dünya dövlətlərinin Azərbaycanın torpaqlarının işğalına da, işğaldan azad edilməsinə də münasibətləri xeyli dəyişdi. Bu dəyişmədə bəşəri münasibətlər amili aydınlığıyla görünür. Bu və ya digər dövlətə rəsmi səfərlərdə də Azərbaycan Respublikası Prezidentinin çıxışları gerçəkliklərin gerçək səviyyədə tarixləşməsini təmin edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxışı da tarixi hadisələrə tarixi münasibətin ifadəsi kimi dinlənildi.

Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın iştirakı bu Konfransın Qafqaz üçün gərəkli olduğunun göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı kimi başlayan İkinci Qarabağ müharibəsindən, onun nəticələrindən söz açdı, qonşu dövlət olmaq etibarı ilə Azərbaycan və Ermənistanın uzun müddətli toqquşmadan uzaqlaşmasının, qarşılıqlı ədavətə, düşmənçiliyə son qoyulmasının dünyəvi dəyərlər baxımından gərəkli olduğunu bildirdi.

Çıxışında Ermənistanın Azərbaycan ərazisinin 20 faizini 27 il işğal altında saxladığını, beynəlxalq hüququ pozduğunu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədiyini, bu işğalçı dövlətə qarşı heç bir bir sanksiya tətbiq olunmadığını da qeyd edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fikrini “Apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. Ona görə də bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi” kimi tamamladı. Bu, istər iştirak edənlər üçün, istərsə də dünya medisası üçün həm Azərbaycan Ordusunun qüdrətini xatırlatmaq niyyəti idi, həm də İkinci Qarabağ müharibəsi haqqında müxtəsər, ancaq düşündürücü informasiya idi. Müharibənin başlaması səbəbləri kimi cənab Prezident dedi: “Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur”. Ancaq Azərbaycan Ordusu bu gümanı darmadağın etdi...
Dağlıq Qarabağ sözünün artıq qüvvədən düşdüyünü, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid olmadığını bildirən cənab İlham Əliyev konfrans iştirakçılarına diplomatik tonla Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməli olduğunu da xatırlatdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətlə dediyi “Dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmayacaq” fikirləri Ermənistana da, onu indi də dəsəkləyən dövlətlərə də tarixin adından, tarixi sənəd kimi səsləndirilən xəbərdalıqdır. O dövlətlər bu fikirləri xarici siyasətinə hopdurmalıdırlar...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı