Avropada amansız bir müharibənin tüğyan etdiyi və hər gün minlərlə insanın həyatını udduğu bir zamanda beynəlxalq təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər bütün dövlətlər üçün prioritet mövzuya çevrilib. Bu sıradan keçirilən beynəlxalq miqyaslı tədbirlərdən biri də Münxen Təhlükəsizlik Konfransı oldu. Sayca 59-cu Təhlükəsizlik Konfransı öz işini başa çatdırdı. Ölkəmizin bu mötəbər tədbirdə Prezident və Birinci vitse-prezident səviyyəsində iştirakı Azərbaycan dövlətinin bu tədbirə böyük önəm verdiyinin göstəricisidir.
Münxen Təhlükəsizlik Konfransının nəticələri ilə bağlı AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib ki, Azərbaycan siyasi rəhbərliyinin bu Konfransda iştirakı çoxsaylı yüksək səviyyəli görüşlərlə və Cənubi Qafqaz bölgəsinin gələcəyi ilə bağlı mühüm müzakirələrlə yadda qaldı. Xüsusilə, Prezident İlham Əliyevin Avropa Şurasının Prezidenti, ATƏT-in Baş katibi, ABŞ Dövlət katibi və İsrailin müdafiə naziri ilə görüşləri belə həssas bir zamanda Azərbaycanın mövqeyini təqdim etmək və regionumuzda, eləcə də bütövlükdə Avropada təhlükəsizliyin təmin olunmasında ölkəmizin atdığı addımlara dəstək qazanmaq baxımından olduqca önəmli hadisələrdir. Konfransın gündəliyində Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə həsr olunmuş ayrıca plenar iclasın keçirilməsi də Konfrans təşkilatçılarının bölgəmizdəki mövcud duruma olan marağının göstəricisi sayıla bilər. Plenar iclasda ölkə rəhbərinin çıxışında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın irəli sürdüyü beynəlxalq hüququn normalarına əsaslanan prinsiplər bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Son iki il ərzində sülh müqaviləsinin imzalanması ilə bağlı aparılan danışıqlarda Ermənistanın qeyri-müəyyən və qeyri-konstruktiv mövqeyi ölkə rəhbərinin çıxışlarında öz tənqidini tapdı. ABŞ Dövlət katibinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə Azərbaycan Prezidenti tərəfindən Ermənistanla Azərbaycanın sərhəd zolağında nəzarət-buraxılış məntəqəsinin açılmasının zəruriliyi vurğulandı və verilən şərhlərdən bu təklifin siyasi təhlilçilər tərəfindən müsbət qarşılandığını demək olar. Ölkə Prezidentinin bu təklifi ilə Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması hər iki tərəfdən gömrük-nəzarət postlarının fəaliyyətə başlaması ilə şərtlənir ki, bu da öz növbəsində Azərbaycan tərəfindən humanitar məqsədlərlə açılmış Laçın -Xankəndi yolunun Ermənistan tərəfindən qeyri-qanuni istifadə hallarını aradan qaldıracaq. Belə bir vəziyyət Ermənistanın humanitar dəhlizlə bağlı bütün manipulyasiyalarına birdəfəlik son qoyacaq. Prezident İlham Əliyevin çıxışlarında son iki ay ərzində Laçın – Xankəndi yolunda davam edən etiraz aksiyaları ilə bağlı Ermənistan siyasi rəhbərliyinin Azərbaycana qarşı apardığı əks-təbliğat fəaliyyəti də ifşa olundu. Ermənistan rəhbərliyinin bu məsələ ilə bağlı dünya birliyinə və siyasi liderlərinə yalan məlumatlar verdiyi üzə çıxarıldı. Torpaqlarımızın 30 ilə yaxın erməni işğalı altında qaldığını və nəhayət, Azərbaycanın öz gücünə işğaldan azad edildiyini bir daha diqqətə çatdıran dövlətimizin başçısı mövcud beynəlxalq təhlükəsizlik sisteminin səmərəsiz fəaliyyətini də tənqid etdi. Azərbaycanın öz torpaqları uğrunda apardığı mübarizədə qalib gəldiyini qeyd edən Prezident İlham Əliyev bu qalibiyyətin qaynaqlarına toxunmağı da unutmadı. Ölkə Prezidenti bildirdi ki, Azərbaycan xalqı işğal faktı ilə heç cür barışa bilməzdi və beynəlxalq təşkilatların münaqişənin həllinə yardım etmədiyinə baxmayaraq xalq öz azadlıq mübarizəsini qalibiyyətli sonluğa qədər davam etdirdi və işğalçı Ermənistan məğlubiyyət aktına imza atmağa məcbur edildi. Azərbaycan Prezidentinin işğal faktı ilə bağlı səsləndirdiyi bir fikir isə təkcə Ermənistana deyil, dünyanın istənilən bölgəsində işğalçılıq siyasəti yürüdən bütün dövlətlərə və siyasi liderlərə ünvanlanmış sərt bir mesaj oldu. Bu fikir ondan ibarət idi ki, “…Azadlıq uğrunda mübarizə aparan bütün xalqlar gec və ya tez öz gücləri hesabına da olsa ədaləti bərpa edəcək və torpaqlarını işğaldan azad edərək öz bayraqlarını doğma torpaqlarında ucaldacaqlar…”.
“Konfrans çərçivəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr və bu istiqamətdə getdikcə dərinləşən strateji tərəfdaşlıq münasibətləri də ikitərəfli və çoxtərəfli görüşlərin müzakirə mövzusu oldu. Prezident İlham Əliyevin Avropa İnvestisiya Bankının prezidenti, Almaniya Şərqi Biznes Assosiasiyasının Baş icraçı direktoru, İtaliyanın “Leonardo” şirkətinin Baş icraçı direktoru ilə görüşləri çox əhəmiyyətli idi və bu görüşlər ikitərəfli əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsinə xidmət edir.
Münxen Təhlükəsizlik Konfransının mühüm bir hadisəsi isə Cənubi Qafqaz dövlətləri rəhbərlərinin bir araya gəlməsi ilə bağlı oldu. Konfrans çərçivəsində Prezident İlham Əliyevin Gürcüstanın və Ermənistanın baş nazirləri ilə üçtərəfli görüşü Cənubi Qafqaz bölgəsində regional əməkdaşlığın canlandırılması istiqamətində atılan ilk addımdır. Demək olar ki, bütün siyasi təhlilçilər artıq bu görüşü “tarixi hadisə” adlandırır və üçtərəfli görüşün bölgədə təhlükəsizliyin möhkəmləndirilməsinə və daha səmərəli şəkildə təmin olunmasına xidmət edəcəyinə ümid bəsləyirlər.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq siyasət arenasında daha bir möhtəşəm uğurunun şahidi olduq. Bu isə Azərbaycanın daha inamlı və xoşbəxt gələcəyinə etibarlı zəmin yaradır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.