2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Laçın rayonundan olan şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Mahir Abbaszadə, Azərbaycanın Milli Qəhrəmanı Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova, şəhid atası Habil Cabbarov, müharibə iştirakçısı Rafiq Nağıyev, təşviqat qrupunun üzvləri Babək Aslanov, Elnur Əliyev və Nizami Quliyev çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinə nail olub. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, ötən il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini yaratmaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, ordumuzun Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ötən il sentyabrın 20-də suverenliyimizi tam təmin etdik. Beləliklə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ərazi bütövlüyü və suverenliyinin bərpasına müvəffəq oldu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Eyni zamanda, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı. Hazırda işğaldan azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işləri görülür. Laçın şəhəri bunun bariz nümunəsidir.
Çıxış edən natiqlər seçiciləri seçki hüququndan istifadə edərək bu prosesdə fəal iştirak etməyə, qalib xalqın qalib Liderinə səs verməyə, zəfərlərimizin davamlılığına dəstək olmağa çağırıblar.
Seçicilər cənab İlham Əliyevin siyasətinə birmənalı dəstək ifadə edərək “Müzəffər Liderimizlə yeni qələbələrə imza atacağıq” ,- deyə əminliklə vurğulayıblar.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.