Nadir Adilov: Bütün mediasiya təşkilatları psixoloqlarla əməkdaşlıq etməlidir

Bu sözləri sabahinfo.az İnformasiya Agentliyinə açıqlamasında Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov bildirib.

Onun sözlərinə görə, istər ölkəmizin qoşulduğu Beynəlxalq müqavilələrdə, konvensiyalarda, istərsə də Azərbaycan Respublikasının konstitusiyasında, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununda, Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununda uşaqların hüquqları ön plana çəkilir və onların hüquq və mənafeləri qorunur. Məlum olduğu kimi, mediasiya proseslərinə müraciət olunan ailə işlərinin əksəriyyətində uşaq faktoru var və ailə mübahisələrində uşaq mühüm faktorlardan biri kimi həmişə olacaqdır. Məhz bu səbəbdən də mediasiya təşkilatları mürəkkəb və problemli ailə mübahisələrində mütləq ixtisaslı, sertifikatlı, bu sahə üzrə peşəkar təhsil almış psixoloqları ekspert qismində dəvət etməlidirlər. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu da mediasiya proseslərində ekspertlərin iştirakını tanıyır. Əlbəttə ki, bu işdə tərəflərin də razılığı, iradə ifadəsi mütləq nəzərə alınmalıdır. Amma qarşıya qoyulan məqsədlərə çatmaq üçün ailə mübahisələrində Mediasiya Şurasının üzvü olan mediasiya təşkilatları mütləq və mütləq qaydada peşəkar psixoloqlarla müqavilə imzalamalı və psixoloq xidmətlərinin haqqını ödəməlidirlər. Bu, keyfiyyətli mediasiya proseslərini təmin etməklə yanaşı, ailə mübahisələrində barışıqların sayının artmasına da ciddi təsir göstərəcəkdir.

Mediasiya Şurası olaraq biz, psixoloqların və mediatorların qarşılıqlı və səmərəli, Qanunvericiliyin tələblərinə söykənən əməkdaşlığını nəinki dəstəkləyirik, hətta mediatorlar və mediasiya təşkilatlarından bunu tələb edirik.