Namazın Azərbaycanca qılınması yenidən gündəmə daşınır. Bəzi insanlar belə hesab edir ki, hər bir müsəlman namazı öz ana dilində qılmalı, "Qurani-Kərimi" öz ana dilində oxumalıdır. İlk baxışdan haqlı görünə biləcək bir təklifdir. Amma bir məsələni unutmayaq ki, islam qardaşlıq, sülh və birlik dinidir. "Qurani-Kərim" ərəbcə nazil olduğu üçün 15 əsrdir ki, ərəb dili həm də islam dili kimi qəbul edilir.
Sabahinfo.az bizim media-ya istinadən xəbər verir ki, tarix boyu bu cür təkliflər səslənib. Amma sonda 50-dən artıq müsəlman dövlətinin heç biri namazın öz dilində qılınması qararına gəlməyib.
Hacı Şahin bu məsələnin digər müsəlman dövlətlərində də zaman-zaman müzakirə olunduğunu söyləyib. Bizim.Media ilə söhbətində o bildirib ki,"belə təkliflər irəli sürənlər hər zaman olub.
Amma bu çağırışlar özünə tərəfdar toplamayıb. Çünki, bu çağırış dini mətləblərlə zidiyyət təşkil edir. "Qurani-Kərim" ərəb dilində nazil olub. Namazda da əsasən "Qurani-Kərim"in surələri oxunur. Ona görə də bu surələri orjinalda oxumaq lazımdır. Yəni Peyğəmbərimizə hansı şəkildə nazil olubsa, o şəkildə də oxunmalıdır. Bəli, o fikirlə razıyam ki, insanlar namazda dediyi, oxuduğu surələrin sözlərini anlamalıdır.
Təbii ki, surəni oxuyan şəxs birinci onu bilməlidir, sonra da auditoriyaya çatdırmalıdır. Amma namazın Azərbaycanca oxunması fikri kökündən yanlışdır. Çünki, islam hümmətini birləşdirən "Qurani-Kərim" ərəb dilində nazil olduğu üçün bu dildə oxunmasının da insan ruhuna özünəməxsus təsiri var".
"Amma namaz qılan şəxsin ərəbcə səsləndirdiyi sözlərin mənasını bilməsi vacibdir. Yəni əhli-namaz Allahla danışan zaman nə dediyini bilməlidir. Dualara gəldikdə isə insan həm ərəb, həm də öz dilində dua edə bilər. Burda heç bir qəbahət yoxdur". Bunu da Hacı Şahin deyib. O fikrini inkişaf etdirərək bildirib ki, "ümumiyyətlə, dinlə bağlı fikirləri mütəxəssislər müzakirə etsə daha yaxşı olar. İstənilən sahədə necədir, burda da elə olmalıdır. İxtiyari şəxsin din haqında fikir söyləməsi müəyyən bir narahatlıqlar yaradır. Çünki, din həssas bir sahədir".
Tanınmış din xadimi sonda bunu da deyib ki," namazın milliləşdirilməsi köhnəlmiş mövzudur. Bir çox ölkələrdə bu eksperiment uğursuzluğa düçar olub.
Çünki, bunun bir çox səbəbləri var. Peyğəmbərimiz buyurub ki, "namazı mən qılan kimi qılın, mən qılan şəkildə qılın". Namazın ərəbcə qılınmasını zəruri edən əsas səbəb odur ki, islam qardaşlıq, birlik dinidir. Birləşmək istəyən insanlarsa eyni dildə danışanda daha güclü olurlar. Ona görə də namazlar eyni dildə və eyni qaydada qılınmalıdır. Necəki, qiblə hamımız üçün eynidir. Bir də ki, namazda fərqlilik islamda parçalanmaya gətirib çıxara bilər".