“Narahat ruhların dolaşdığı sənədlərin izi ilə yeni kitab çap etdirməyi düşünürük”

Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə”layihəsi çərçivəsində 3 ay ( 01.06.2024-cü il 31.08.2024-cü il) müddətində tədqiqatları davam etdirmək və nəticədə “Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabı çap etdirməyi planlaşdırırıq.

Onu qeyd etmək istərdim ki, son bir necə ildə 1937-ci ildə və sonrakı dönəmlərdə repressiyalara məruz qalan, təqib edilən şəxslərlə bağlı tədqiqatlar aparmaq məqsədilə arxivlərdə müəyən zaman kəsiyində olsa çalışdıq. Qeyri türk millətindən olan müstəntiqlərin üzücü sorğu-suallarından, dəhşətli işgəncələrdən, barmağı qapılar arasında qalıb sındırılmış, qəlbi qırılmış aydınların qaranlıq taleyinə həmin sənədlər vasitəsilə nəzər salmağa çalışdıq. Ağır işgəncələrdən sonra bütün saxta ittihamlara bu insanlar imza atmaq məcburiyyətində qalıblar. Hər sənədi vərəqlədikcə incidilmiş Azərbaycanın böyük şəxsiyyətlərinin narahat ruhlarının harayını eşidirdik. Tariximizə ehtiram əlaməti olaraq repressiya qurbanlarının tədqiqatı davamlı olmalıdır. Bütün bunlarla bərbər onların geniş ictimaiyyətə təqdimatı da zəruridir. Çünki o şəxsiyyətləri gənclərimiz, geniş auditoriya daha yaxşı tanımalıdır. "Pantürkist”, "panislamist” damğası və digər qəddar yollarla sovet rejimi tərəfindən məhv edilən, sındırılan böyük zıyalı ordusunun itkisi millətin genefonduna vurulan zərbə idi.

Bütün bu zəruri məqamları nəzərə alaraq, XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi sahəsində elmi tədqiqatları davam etdirmək hədəfimizdədir.

Əkrəm Bəydəmirli