İki “Şimal axını” qaz kəmərində baş verən partlayışlar NATO ölkələrini Rusiyanın dünya üzrə internet məlumatlarının və telefon trafikinin təxminən 98%-ni daşıyan sualtı kabellərə mümkün hücumundan narahat edib.
“Bloomberg” yazır ki, Moskva Norveçdən qitəyə təbii qaz çatdıran boru kəmərlərini və ya rabitə, məlumat mübadiləsini təmin edən 400 sualtı kabeldən hər hansı birini hədəfə ala bilər.
Hərçənd, “Şimal axını” qaz kəmərlərinin üç xəttində baş verən partlayışların səbəbləri məlum deyil. Aİ onları “təxribat” adlandırıb və qınayıb, Rusiya prezidenti Vladimir Putin isə baş verənlərə görə “anqlo-saksonları” günahlandırıb. Danimarka, İsveç və Almaniya hakimiyyət orqanları insidentlə bağlı rəsmi araşdırmalar aparır.
NATO ölkələri “Şimal axını” partlayışlarından sonra Baltik və Şimal dənizlərini müşahidə etmək üçün hərbi gəmilər və təyyarələr yerləşdirib. Norveç və İtaliya enerji obyektlərinin və strateji boru kəmərlərinin mühafizəsini gücləndirib.