Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər Naxçıvan dövrü mühüm yer tutur. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu.
1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Belə bir dövrdə - 1990-cı ilin iyul ayının 22-də Naxçıvana gələn ümummilli lider Heydər Əliyevi muxtar respublikanın hər yerindən onu görməyə, qarşılamağa gələn vətəndaşlar qarşılamışdı. Bu izdiham xalq ilə ümummilli lider Heydər Əliyev birliyinin bariz nümunəsi idi.
Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoydu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ulu öndərin rəhbərliyi ilə muxtar respublikada görülən işlər Azərbaycan miqyasında böyük siyasi və tarixi əhəmiyyətə malik olmuşdur. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması, Naxçıvan üçün müstəsna əhəmiyyətə malik Qars müqaviləsinin şərtlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, aqrar islahatların həyata keçirilməsi Azərbaycanın inkişafı naminə görülmüş əvəzsiz xidmətlər idi.Blokada şəraitində olan Naxçıvana məhz ulu öndər Heydər Əliyev həyat verdi və onun müdafiə qüdrətini möhkəmləndirməklə yanaşı, dağılmış iqtisadiyyatın bərpasını, mədəni dirçəlişi təmin etdi. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”
Beləliklə, siyasi fəaliyyətinin Naxçıvan dövründə ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
Azərbaycan siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarmışdır.
1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan bu tarixi nailiyyəti itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. O dövrdə ölkə daxilindəki vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurmalar nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Digər tərəfdən də təcavüzkar Ermənistanın ölkəmizə qarşı torpaq iddiaları ilə müşayiət olunan Dağlıq Qarabağ problemi ağır yük kimi Azərbaycanın başı üzərində dururdu. Daxili hərc-mərclik, siyasi qüvvələrin çəkişməsi cəbhə bölgəsinin nəzarətdən kənar qalmasına və Qarabağ savaşında ermənilərin üstünlüyü ələ almasına gətirib çıxardı. Bir-birinin ardınca strateji cəhətdən ən əhəmiyyətli ərazilərin itirilməsi ilə müşayiət olunan bu hadisələr daha çox AXC-Müsavat cütlüyünün Azərbaycan dövlətinə qarşı satqın və xəyanətkar mövqeyi ilə əlaqəli idi.
Azərbaycan xalqının xilaskar oğlu, ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı artıq tarixi zərurət idi. Nəhayət Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri dəvət etdi.
Bu gün müstəqilliyin yolları ilə inamla addımlayan Azərbaycan ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlara imza atır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da bu böyük inkişaf yolunda öz intibah dövrünü yaşayır.
Mehdiyev Ümid Səməndər oğlu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
rektorunun müşaviri