Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır - VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan Ordusunda döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.

Bu barədə Sabahinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşıdan gələn soyuq qış aylarında da gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Qış mövsümündə çətin dağlıq şəraitdə, dəniz səviyyəsindən 3000 metrdən çox yüksəklikdə döyüş növbətçiliyi aparan şəxsi heyətin uğurla xidmət etməsi üçün yüksək məişət şəraiti yaradılıb. Yataqxana, yeməkxana, əşya, ərzaq anbarları və digər binalarda yaradılan müasir şərait xidmətin təhlükəsiz və rahat şəkildə aparılmasına zəmin yaradır. Ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Ön xətt bölmələrimiz qışa hazırlıq tədbirləri çərçivəsində isti geyim, yanacaq, içməli su, ərzaq, eləcə də digər zəruri ehtiyatlarla tam təmin edilib. Mövqelərarası elektrik xətti yenisi ilə əvəz olunub, sənaye işığı ilə yanaşı, alternativ və bərpaolunan enerji mənbələrindən də istifadə olunması üçün günəş panelləri quraşdırılıb. Əsas və ehtiyat səngərlər, mövqelər, müşahidə və dayaq məntəqələri təkmilləşdirilib, mövqelər beton sığınacaqlarla təmin olunaraq müdafiənin dayanıqlılığı artırılıb. Dayanıqlı mühəndis-istehkam qurğuları və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, peşəkarlığı mövqelərin etibarlı müdafiəsinə təminat verir.

Bölmələrdə əsgərlərin asudə vaxtının səmərəli keçirilməsi üçün də lazımi şərait yaradılıb, ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, qəzet və jurnallar əsgərlərin istifadəsinə verilib. Ən ucqar zirvələrdə belə şəxsi heyətin ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr barədə məlumat alması üçün televizorlar quraşdırılıb.
Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmələrdə döyüş hazırlığı planına əsasən təcrübəli zabitlər tərəfindən dərs və məşğələlər keçirilir. Bu da döyüş hazırlığı ilə bərabər, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının da yüksəldilməsində əsas rol oynayır.

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində və müdafiə mövqelərində xidmət aparan şəxsi heyətin sağlamlığı vacib amil olduğundan xəstəxana və tibb məntəqələri bütün tibbi ləvazimatlarla təmin edilib və hərbi qulluqçuların gigiyena qaydalarına düzgün əməl etmələri üçün profilaktik tədbirlər görülür. Bütün bunlar da soyuq havalarda virus infeksiyalarının və yoluxucu xəstəliklərin tez bir zamanda qarşısının alınmasına şərait yaradır.

Vətən torpaqlarını qoruyan əsgərlərimizin nümunəvi xidməti üçün dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılıb. Qəhrəmanlıq və mübarizlik ifadəsini özündə təcəssüm etdirən, torpaqlarımızı işğaldan azad etmək kimi ən şərəfli missiyanı uğurla tamamlayan Azərbaycan əsgəri xidmətinin nə qədər məsuliyyətli və qürurverici olduğunu dərindən dərk edir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə doğma torpaqlarımızı azad edən Azərbaycan əsgəri daim dövlət-xalq-ordu birliyindən güc alaraq Vətən torpağını şərəflə qorumaq və bu müqəddəs vəzifənin öhdəsindən layiqincə gəlmək əzmindədir.