“Naxçıvana qarşı dron hücumu regionda gərginliyin artmasına xidmət edir"

Milli Məclisin deputatı Məşhur Məmmədov İran ərazisindən Naxçıvana qarşı həyata keçirilən dron hücumu ilə bağlı Azadmedia.az-ın sorğusunu cavablandırıb.

Millət vəkilinin sözlərinə görə, İran İslam Respublikası ərazisindən həyata keçirilmiş dron hücumları qətiyyətlə pislənilməlidir və baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran tərəfinin üzərinə düşür.
Deputat qeyd edib ki, İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi molla rejiminin nankorluğunun və riyakarlığının açıq göstəricisidir. Onun sözlərinə görə, mülki infrastruktura qarşı belə hücum təşkil etmək acizlik və qorxaqlıq əlamətidir.

Məşhur Məmmədov bildirib ki, Azərbaycan ərazisinə edilən bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə ziddir və regionda gərginliyin artmasına xidmət edir. Deputatın sözlərinə görə, İran İslam Respublikası qısa müddət ərzində baş vermiş hadisəyə aydınlıq gətirməli, izahat verməli və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri və təxirəsalınmaz tədbirlər görməlidir.

Millət vəkili vurğulayıb ki, Azərbaycan dövləti daim qonşuluq və qarşılıqlı hörmət prinsipinə sadiq qalıb və Azərbaycan ərazisindən İran da daxil olmaqla heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb. Onun sözlərinə görə, bunun bariz nümunələrindən biri Azərbaycan Prezidenti İlham Əliyevin İranın Ali Liderinin vəfatı ilə bağlı başsağlığı verməsi və İran səfirliyini ziyarət edərək həmrəylik nümayiş etdirməsidir.
Deputat qeyd edib ki, Azərbaycan heç vaxt riyakar siyasət yürütməyib, əksinə, dar gündə hər zaman qonşularına dəstək olub. Azərbaycan tərəfi İrana humanitar yardım göndərməyi də planlaşdırırdı.

Deputat Məşhur Məmmədovun sözlərinə görə, belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi dinc sakinlərə və mülki infrastruktura qarşı terror aktı kimi qiymətləndirilməlidir.
Millət vəkili bildirib ki, İran rejimi uzun illərdir azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti yürüdür, soydaşlarımızı bir çox hüquqlardan məhrum edir və müxtəlif təzyiqlərə məruz qoyur. Onun sözlərinə görə, azərbaycanlı fəallar təqib olunur və cəzalandırılır.
Deputat vurğulayıb ki, tarix göstərib ki, Azərbaycana hücum edənlər hər zaman peşman olublar və İran da bu addımına görə peşman olacaq.

Sonda M. Məmmədov əlavə edib ki, Azərbaycan tərəfi beynəlxalq hüquqa uyğun olaraq müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu cür hücumların cavabsız qalmayacağını açıq şəkildə bəyan edir.