Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yeni Əsasnaməsi və strukturu təsdiq edilib.
Sabahinfo.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, İdarəetmədə operativliyin artırılması, vergi xidməti orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması məqsədilə yerli Xidmətin 7 rayon vergilər idarə və şöbələri ləğv edilməklə, onların bazasında 3 Ərazi vergilər idarəsi yaradılıb, Naxçıvan Şəhər Vergilər İdarəsi yenidən təşkil olunub.
Vergi ödəyicilərinin vergi məsələləri ilə əlaqədar operativ qaydada zəruri informasiya ilə təmin edilməsi, vergi ödənilməsi sahəsində könüllü əməletmə səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Vergi Xidmətinin işçi sayı 18 ştat vahidi artırılıb ki, onların da 17-si vergi ödəyicilərinə xidmət strukturları üçün nəzərdə tutulub.
Bununla yanaşı, vətəndaş məmnunluğuna nail olunması, məlumatlandırma və maarifləndirmə işlərinin günün tələbləri səviyyəsinə yüksəldilməsi məqsədilə Naxçıvan şəhərində və muxtar respublikanın digər bölgələrində xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulur.