Naxçıvanda gənclərin Qış Məktəbi”nə start verilib

 Ağbulaq İstirahət Mərkəzində gənclərin “Qış məktəbi”nin ilk mərhələsinə start verilib. Layihə çərçivəsində Naxçıvan gənclər və idman naziri Ramil Hacı, Milli Məclisin deputatı, Gənclər Fondununun icraçı direktoru Cəbi Quliyev və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımovun iştirakı ilə gənclərlə görüş keçirilib.

Gənclərin diqqətinə çatdırılıb ki, muxtar respublikada gənclərlə iş sahəsinə xüsusi önəm verilir və bu sahədə məqsədyönlü, ardıcıl işlər görülür. Yaradılan şərait, atılan addımlar imkan verir ki, gənclərimiz müxtəlif istiqamətlər üzrə yeni karyera və iş imkanları, o cümlədən təcrübə əldə edə bilsinlər. Bunun da bəhrəsi odur ki, istedadlı gənclərə dövlət dəstəyi göstərilir, onların əməyi qiymətləndirilir, gənc kadr kimi irəli çəkilirlər. Bütün bunlarla yanaşı, gənclərin fəaliyyətində təşəbbüskarlıq cəhdlərinin artırılması, onların yeni fikir, ideya və təkliflərlə, o cümlədən layihələrlə gündəmə gəlməsinə nail olmaq lazımdır. Qeyd olunub ki, görüşün məqsədi də məhz gənclərin problemlərini, təkliflərini dinləməklə onlara kömək etmək, müxtəlif məsələlərin həlli və yeni metodların tədbiği ilə bağlı müzakirələr aparmaqdan ibarətdir.

Səmimi söhbət zamanı iştirakçıların fikir və təklifləri dinlənilib, könüllülük fəaliyyəti, bədən tərbiyəsi və idmanın təbliği, innovativ inkişaf imkanları, turizmə dəstək və müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.

Gün ərzində tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayevin təqdimatında “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda seminar, “Kənd turizminin təbliği” adlı müsabiqənin təlimatlandırma mərhələsi keçirilib, axşam saatlarında isə film nümayiş olunub.

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və könüllü gənclərin iştirakı ilə keçirilən “Qış məktəbi”nin birinci mərhələsi fevralın 9-da yekunlaşacaq.