"Rusiyalı müxalifətçi Boris Nemtsov Rusiyanı ləkələmək üçün qətlə yetirilmiş ola bilər”. Bunu Amerika vətəndaş cəmiyyətinin sədri Şeron Tennison bildirib. "Nemtsov hakimiyyətdən uzaqlaşdırıldığı üçün incimişdi. O, daim diqqət mərkəzində qalmaq istəyirdi. Zaman keçdikcə Boris iş həyatında onu qabaqlayanları qınayan uğursuz bir adama çevrildi. Amma belələri Rusiyada çox olub”, - deyən Tennison əlavə edib ki, rusiyalı müxalifətçinin qətli Vladimir Putinə qətiyyən maraqlı deyildi.
"Əgər Putin bilsəydi ki, Boris Nemtsov təhlükədədir, o zaman o, Nemtsovu qoruyardı. Çünki Putin bilirdi ki, bu qətli onun üzərinə atacaqlar. Nemtsov istər rusiyalılar, istərsə də Putin üçün heç kim idi. Borisin tənqid etdiklərini ona qədər min dəfə tənqid etmişdilər. Bəlkə, Nemtsov Ukrayna məsələsində nələrisə ifşa edəcəkdi? – Bu da qeyri-realdır”, - deyə mərkəzin sədri öz fikrini bildirib.
O, qətl haqqında öz versiyalarını da bildirib. Onun firkincə, Rusiya müxalifətçisi ya şəxsi qisas zəminində öldürülüb, ya onu hansısa millətçi qətlə yetirib və yaxud da ki, rusiyalı müxalifətçi Putini və Rusiyanı ləkələmək üçün öldürülüb. Boris Nemtsovun qətlində başlıca suallar bunlardır: "Nemtsovun qətli kimə sərfəlidir? Bu hadisənin dolayısı ilə qurbanı kim olacaq?”
Rusiyanın tanınmış telejurnalisti Vladimir Pozner də bu hadisəyə münasibət bildirirək deyib ki, o, Nemtsov öldürülən vaxt ölkədə olmayıb və buna görə də xaricdə qətl haqqında yazılanları və reaksiyaları aşkar görüb. "ABŞ, İngiltərə və Fransada Nemtsovun qətli haqqında bircə fikir səsləndirilirdi: "Bu, birbaşa və ya dolayısı ilə Vladmir Putinin işidir. Özü də müxalifətçi etiraz yürüşü ərəfəsində qətlə yetirilib”. Mən xaricdə olarkən bu fikrin əksini deyən və yaxud da heç olmasa bunda şübhələnən başqa bir fikir eşitmədim”.
Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib. Hadisə baş verən vaxt Nemtsovun birlikdə olduğu 23 yaşlı ukraynalı model Anna Duritskaya onun yanında olub.