Novruz Aslanov Bərdəyə səfər etdi - FOTOLAR

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatı nəticəsində Bərdə şəhərinin raket hücumuna məruz qalmasından bir il ötür.

Sabahinfo.az xəbər verir ki, 2020-ci il oktyabrın 28-də erməni silahlı birləşmələri Bərdə şəhərində əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, həmçinin fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini beynəlxalq konvensiya ilə qadağan edilmiş “Kasetli bomba”lar ilə atəşə tutub. Bu hadisə nəticəsində 21 mülki şəxs həyatını itirib və 70-ə yaxın insan müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Məlumat üçün bildirək ki, 3-4 dekabr 2008-ci il tarixində Norveçin paytaxtı Oslo şəhərində Kasetli silahlara dair Konvensiyanın imzalanma mərasimi keçirilib. Bu Konvensiya kasetli silahların istifadəsini, istehsalını, ehtiyatının toplanmasını və ötürülməsini qadağan edir.

Bərdə terrorunun ağır nəticəsini Azərbaycan Qızıl Aypara Cəmiyyəti də yaşayıb. Belə ki, hadisə zamanı Cəmiyyətin könüllüsü Məhərrəm Mustafayev həlak olub və iki könüllüsü yaralanıb. Onlar öz humanitar missiyalarını həyata keçirdiyi zaman terrorun qurbanı olublar. 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov oktyabrın 28-də Bərdəyə səfər edərək şəhidlər xiyabanını, mərhum Məhərrəm Mustafayevin qəbrini ziyarət edib, ailəsinə baş çəkib və onlara başsağlığı verib. Ailə üzvləri ilə səmimi söhbətdə millət vəkili mərhumun könüllü kimi fəaliyyətindən danışıb, onun ehtiyaclı insanlara yardımların çatdırılmasındakı əməyini yüksək qiymətləndirib. 

Hadisədən dərhal sonra AzQAC bu hadisə barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına,  Beynəlxalq Qızıl Xaç Komitəsinə və digər beynəlxalq təşkilatlara məlumat verib. Bu hadisə dünyada böyük rezonans yaradıb, beynəlxalq təşkilatların kəskin reaksiya vermələrinə təkan verib.

Sonra Novruz Aslanov AzQAC-ın rayon bölmə sədrlərinin və könüllülərin iştirakı ilə regional müşavirə keçirib. Müşavirə iştirakçıları bu il ərzində görülən işlər, xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə zərər çəkmiş mülki əhaliyə edilən yardımlar, pandemiya dövründə həyata keçirilən humanitar layihələr  baradə ətraflı məlumatlar veriblər. Novruz Aslanov azad olunmuş rayonlarda bərpa işlərinin sürətlə getdiyini, bütün hökumət strukturlarının bu məqsədlə səfərbər olduğunu diqqətə çatdırıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş zəfər bölgənin gələcək inkişafına və təhlükəsizliyinə verilən ən böyük töhfə olduğunu bidirib.  

Sonda qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılıb, müvafiq tövsiyə və tapşırıqlar verilib.