“Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir.”
Ulu Öndər Heydər Əliyev, 21 mart 2000-ci il.
Novruz bayramı – xalqımızın ən qədim və ənənəvi bayramlarından biri olmaqla, yeni ilin, baharın gəlişinin və təbiətin yenilənməsinin rəmzidir. Tarix boyu müxtəlif mədəniyyətlərdə xüsusi önəm verilən bu bayram, insanları birlik və bərabərlik ruhunda birləşdirərək, xoşbəxtlik və bərəkət dolu günlərin müjdəçisi olmuşdur. Novruz bayramının xalqımızın tarixində, adət-ənənəsində özünəməxsus yeri və rolu vardır. Novruz təkcə türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Azərbaycan xalqının da milli-mənəvi dəyərləri arasında Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət bu bayramı unutdura bilməmiş, bir-birindən maraqlı Novruz adətləri, inancları nəsillərdən nəsillərə ötürülmüşdür.
Sovet dövrünün ilk onilliklərində Novruz bayramına müəyyən qadağalar qoyulmuşdu. Hökumət orqanları bu bayramın rəsmi səviyyədə keçirilməsinə icazə vermir, buna təşəbbüs göstərən vətənpərvər insanlar isə təqiblərlə üzləşirdi. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə ölkəmizdə hakimiyyətə gəlişi xalqımızın digər milli-mənəvi dəyərləri kimi Novruz bayramına da rəsmi səviyyədə münasibəti dəyişdi. Ulu öndər ölkəyə rəhbərliyinin ilk günlərindən hər cür ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirdi. Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdışından sonra da gənc müstəqil dövlətimizin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – azərbaycançılığın təşəkkül və inkişafına da müstəsna diqqət yetirdi. Müstəqilliyimizin milli-ideoloji təməlini təşkil edən bu dəyərləri xüsusi qiymətləndirdi, daim diqqət mərkəzində saxladı. XX əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımız ermənilər tərəfindən işğal edildikdən sonra xalqımızın ən böyük arzularından biri Novruz bayramını doğma torpaqlarımızda qeyd etmək idi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. 1998-ci ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik konsepsiyasını böyük əzmlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə xalqımızın milli-mənəvi dəyərləri xüsusi yerə malikdir. Ulu öndər Heydər Əliyevin ali ideyalarının gerçəkləşməsində Ölkə rəhbəri cənab İlham Əliyevlə birgə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Məhz Birinci vitse-prezidenti böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır.
Novruz həm də xeyrin şər üzərində qələbəsini simvollaşdırır. Biz iki il öncə bu simvolu həyatımızda, Zəfər tariximizdə yaşadıq. 44 günlük Vətən savaşımız nəticəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Hər zaman qəlbimizdə yaşayan ümid, qalibiyyət əzmi, yenilik ruhu, haqqa-ədalətə inam hesabına Azərbaycan ən böyük arzusuna çatdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümummilli liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. “Şadam ki, müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir” sözləri ilə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edən Ölkə başçısı cənab İlham Əliyevin vurğuladığı kimi, Qarabağın dirçəldilməsi ilə Azərbaycan əvvəlki cənnətməkan görkəminə qaytarılacaqdır.
Əsrlər boyu Novruz bayramı, Azərbaycanın digər bölgələrində olduğu kimi, Qarabağ bölgəsində də xüsusi coşqunluqla qeyd edilib. Novruza qədər çillə çıxarmaq, çərşənbələr, səməni cücərtmə, yumurta döyüşdürmə, yumurta boyama, papaqatdı, Novruz falları və s. mərasimlər bu gün də özünəməxsus şəkildə yaşadılır. Bu mərasimlər içərisində bir növ tamaşa səviyyəsində dramaturji xəttə malik olanları da var. Bu mənada, Qarabağın mədəniyyət beşiyi olan Şuşa daim seçilib. Məsələn, Şuşada bayrama hələ bir ay qalmış çillə çıxarırlar, ay ərzində gecələr çalğı-rəqslər ilə keçərmiş. Xalq köhnə ilin kəsalətindən qurtulub, təzə ilə daxil olmaqla qış çillələrindən (çilə) yaxa qurtarmağa çalışarmış. Çilləyə hazırlıq məqsədilə əvvəlcədən məhəllələrdəki böyük evlərin zalları tutulur, döşənir, iştirak edəcək şəxslərin siyahısı hazırlanır, xüsusi musiqi dəstəsi çağırılır, meyvə, şirni, şam və s. ibarət xonçalar düzülürdü. Toylardakı kimi xonçanın başında "xan” dayanır, lakin verdiyi əmrlər, cəzalar daha yüngül olurdu.
Bu bayram qədim tarixə malikdir və türk xalqarı arasında böyük sevgi ilə qeyd olunur. Yaz bayramı ənənəvi olaraq bütün türk millətlərinin nümayəndələrini birləşdirir. Ona görə də Novruzu bütün türk xaqları gözləyir. Bahar bayramı hər şeydən əvvəl xalqların dostluğunu, sülh içində yaşamağını həmrəylik, hörmət və məhəbbətdə simvollaşdırır.
İmran Qasımov, Azərbaycan-dili və ədəbiyyat müəllimi, Azərbaycan Yazıçılar Birliyini üzvü